12 Noyabr 2022 12:08
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xilas etdiyi 234 miqrantla 20 gündən artıqdır Aralıq dənizində liman axtaran “Ocean Viking” gəmisi Fransa ilə İtaliya arasında gərginliyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, qaçqınların əleyhinə çıxışı ilə tanınan İtaliyanın yeni Baş naziri Corciya Meloninin gəminin limana yanaşmasına icazə verməməsi ilə başlayan gərginlik Paris və Romanı üz-üzə gətirib.

Meloni baş nazir olana qədər dəfələrlə hədəfə aldığı Fransa Prezidenti Emmanuel Makron gəminin Tulon limanında lövbər salmasına könülsüz icazə verib. “Ocean Viking”in nəhayət liman tapması iki ölkə arasındakı təzyiqi aşağı salmayıb. Fransa İtaliyanın yanaşmasını “qeyri-insani” adlandırıb, İtaliya isə Fransanı aqressivlikdə ittiham edib.

Məsələ ilə əlaqədar açıqlama verən Fransa daxili işlər naziri Cerald Darmanin İtaliyanı hədələyib:

“İtaliya bu hadisədə özünü çox qeyri-insani apardı. İtaliya hakimiyyəti də qeyri-peşəkardır. Gəmini 20 gün heç bir qərar vermədən təkbaşına qoydular və bunun nəticələrinin olacağı bəllidir”.

Fransanın tonu İtaliyada birmənalı qarşılanmayıb. Fransalı həmkarına cavab verən İtaliya daxili işlər naziri Matteo Piantedosi deyib: “İtaliya bu il 90 min miqrant qəbul etdiyi halda, Fransanın cəmi 234 miqrantı qəbul etmək tələbinə təpkisi tamamilə anlaşılmazdır”.

Meloni də Parisin cavabını sərt şəkildə tənqid edərək, bunu “təhqiredici, anlaşılmaz və ədalətsiz” adlandırıb. Beynəlxalq qanunlara görə, dənizdə xilas edilən insanlar tez bir zamanda ən yaxın təhlükəsiz yerə aparılmalıdır. Diqqətçəkən məqamlarından biri də gərginliyin başladığı gün İtaliyanın öz sahillərində 600 miqrantı qəbul etməsidir.

Fransa və İtaliya 2018-ci ildə də oxşar gərginliklə üzləşib. Paris Romanın qəbul etmədiyi 630 miqrantı daşıyan “Aquarius” gəmisinin öz limanlarına yanaşmasına icazə verməyib. Bundan sonra İspaniya araya girərək, gəminin Valensiya limanında lövbər salmasına “yaşıl işıq” yandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər