Türkiyə daxili işlər nazirinin müavini İsmayıl Çataklı Yunanıstanın ictimai müdafiə naziri Takis Teodorikakosun terrorçuların ölkəsinə girməsinə icazə vermədikləri barədə açıqlamasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Türkiyə rəsmisi Yunanıstanın günahsız insanları öldürən terrorçulara qucaq açdığını deyib.
“Qanmaz, yerinibilməz Takis Teodorikakos. Sərhədləri qoruduğunuz PKK-nın Lavrion düşərgəsindən bəllidir. Sərhədləri qoruduğunuz qucaq açdığınız FETÖ-çülərdən bəllidir. Siz məsum insanları öldürürsünüz, terrorçulara qucaq açırsınız”, - Çataklı bildirib.
Takis Teodorikakos bundan əvvəl Türkiyə daxili işlər naziri Süleyman Soylunun İstanbulda terror aktı törədən Əhlam əl-Bəşir üçün dediyi “Tutmasaydıq, Yunanıstana qaçacaqdı” açıqlamasına reaksiya verib.
“Yunanıstan öz sərhədlərini çox yaxşı qoruyur və heç kim ölkəyə qeyri-qanuni yolla daxil ola bilməz, ona görə də Yunanıstan heç vaxt öz ərazisində terrorçuları qəbul etmir. Yunanıstan harada və kimə qarşı olmasından asılı olmayaraq prinsip etibarilə bütün terror aktlarına qarşıdır”, - o, türk nazirə cavabında deyib.