Polşanın Ukrayna ilə sərhədindən 6 kilometr aralıda yerləşən Pryevodovo kəndinə raketin düşməsi nəticəsində 2 dinc sakinin həyatını itirməsindən sonra Polşa xarici işlər naziri Zbiqnev Rau Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevi təcili olaraq Xarici İşlər Nazirliyinə çağırıb.
Teleqraf.com xəbər verir ki, səfirdən Rusiya istehsalı raketlə bağlı dərhal açıqlama verməsi tələb olunub.
Polşa XİN-in sözçüsü Lukaş Yasina jurnalistlərə açıqlamasında xarici işlər nazirinin Rusiya səfiri ilə görüşünün sakit və əl sıxmadan keçdiyini bildirib.
Yasina görüşün 4 dəqiqə davam etdiyini və nazirin Andreyevə bütün hadisələri və Polşanın hadisə ilə bağlı fikirlərini ehtiva edən diplomatik nota verdiyini, Rusiya səfirinin görüş zamanı bir kəlmə də danışmadığını, yalnız Raunu dinlədiyini deyib.