NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya davamlı dəstəyi nəzərdən keçirmək və gələcək prioritetləri müzakirə etmək üçün bu gün Ukraynaya Yardım üzrə Təmas Qrupunun virtual iclasında iştirak edib.
Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Stoltenberq bildirib ki, noyabrın 15-də Rusiyanın Ukrayna şəhərlərinə, mülki infrastruktura və əhaliyə kütləvi raket hücumları bu ölkənin qeyri-qanuni müharibədəki vəhşiliyini açıq şəkildə göstərir.
O vurğulayıb ki, müttəfiq ölkələr Ukraynaya dəstəyi davam etdirməli və gərginliyin qarşısını almalıdır.
Alyans rəhbərinin sözlərinə görə, Ukrayna daha çox hava hücumundan müdafiə sistemləri, qış geyimləri, yanacaq və tibbi ləvazimatlarla təmin edilməlidir.
Stoltenberq NATO müttəfiqlərinin Ukraynaya daha çox hərbi, maliyyə və humanitar dəstək verməsini təqdir edib.
O, həmçinin NATO-da müttəfiq ölkələrin sayının artırılmasının sənaye və istehsalın sürətləndirilməsində vacib olacağını qeyd edib.