Norveçdə fəaliyyət göstərən İran İnsan Haqları Təşkilatı (IHR) İranda 60 gündür davam edən nümayişlər barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, ölkənin 31 əyalətindən 23-ü ilə bağlı məlumatların yer aldığı hesabatda ən çox itkilərin sünnilərin yaşadığı Sistan-Bəlucistan əyalətində baş verdiyi deyilir.
Hesabatda Sistan-Bəlucistan əyalətində 123, Tehranda 39, Mazandranda 33, Kürdüstanda 32, Kirmanşahda 14, Əlborz, Xuzistan və Xorasani Rəzəvidə 15, İsfahanda 4, Loristanda 3, Koxqiluye-Buyer Əhməd, İylam və Buşehrdə 2, Simnan və Kirmanda isə bir nümayişçinin öldürüldüyü bildirilir.
Bundan başqa, hesabatda Güney Azərbaycanın Gilan (23), Qəzvin (2), Həmədan (2), Ərdəbil (2) və Zəncan (4) kimi şəhərlərində də dinc sakinlərin qətlə yetirildiyi vurğulanır.
Həyatını itirən nümayişçilərdən 43-nün 18 yaşdan kiçik, 26-nın isə qadın olduğu deyilir.
Hesabatda nümayişçilər arasında saxlanılanların sayının 10 mini keçdiyi, indiyədək 5 nümayişçinin edam cəzasına məhkum edildiyi bildirilir. Ümumilikdə 304 dinc insanın molla rejiminin təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildiyi diqqətə çatdırılır.
İranda rejim əleyhinə kütləvi nümayişlər sentyabrın 13-də başlayıb.