18 Noyabr 2022 19:55
1 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

1979-cu ildə İranda islam inqilabı baş verəndən bəri dini rejim dinc nümayişçilərə qarşı misli görülməmiş zorakılıq tətbiq etməkdən çəkinmir.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti yazır.

“Sentyabrın ortalarında 22 yaşlı Məhsa Əmininin öldürülməsinə cavab olaraq teokratik rejimə qarşı ümummilli etirazın başlanmasından bəri iranlı nümayişçilərin kütləvi həbsi müzakirələrə səbəb olub. İndi hər kəsi bir sual düşündürür: İranı idarə edən qəddar rejim kütləvi edamları həyata keçirəcəkmi?”, - nəşr qeyd edir.

İnsan Haqları Fəalları Agentliyinin (HRANA) məlumatına görə, molla rejimi azı 348 etirazçını öldürüb, 15 900 nəfəri həbs edib. Rejimin şiddətli zorakılıq aktları zamanı onlarla uşaq öldürülüb. Saxlanılanların və həbs edilənlərin işgəncəyə məruz qaldığı bildirilir.

Son məlumata görə, Tehranın məhkəmə sistemi insan haqları təşkilatlarının saxta hesab etdikləri məhkəmə proseslərində beş nəfəri ölüm cəzasına məhkum edib. Dörd etirazçı “Allaha düşmənçilik” ittihamı ilə edam cəzasına məhkum olunub. Beynəlxalq Əfv Təşkilatı bildirib ki, azı 21 məhbusu molla rejiminin şəriət qaydalarına əsasən “Allaha düşmənçilik” və “Yer üzündə fitnə-fəsad törətmək” kimi ittihamlarla edam gözləyir.

İran əsilli amerikalı siyasi və insan haqları fəalı Lovdan Bazarqan “Yerusəlim Post”a deyib:

“Tarix göstərir ki, İran qorxu yaratmaq və insanları təslim olmağa məcbur etmək üçün saxta “Məhəreb” (“Allaha düşmənçilik”) ittihamı ilə məhbusları edam edəcək. 1980-ci illərin kütləvi etirazları, 1988-ci il qırğınları, 2009-cu il “Yaşıllar Hərəkatı”, 2017-ci il etirazları və 2019-cu il olaylarından sonra edamlar olmuşdu”.

İnsan haqları təşkilatları uzun müddətdir ki, molla rejiminin məhkəmə sisteminin acınacaqlı dərəcədə qeyri-adekvat və qeyri-şəffaf olduğunu və ədalətli məhkəmə araşdırmaları üçün beynəlxalq normalara cavab vermədiyini deyirlər. Məsələn, etirazçıların dindirilməsi mərhələsində vəkillərə çıxış imkanı verilmir, onlara yalançı etiraflar vermək üçün fiziki və mənəvi işgəncələr verilir, həmin “etiraflar” əsasında hökm çıxarılır.

“Fox News Digital” yazır ki, İran rejimi ölkədə hicaba qarşı etirazları yatırtmaq üçün kütləvi edamlardan istifadə edə bilər.

ABŞ-da fəaliyyət göstərən Yaxın Şərq Forumunun rəhbəri, tarixçi Daniel Pips İranda cərəyan edən hadisələr haqda “Post”a deyib:

“Etirazlar əla vaxtda baş verir. Birincisi, Xameneyinin səhhəti yaxşı deyil, bu, onun hər gün yox ola biləcəyi ehtimalı deməkdir. Digər tərəfdən, İranın Putinin Ukraynaya hərbi müdaxiləsinə verdiyi hərbi dəstək Qərbin diqqətini görünməmiş şəkildə Tehranın əleyhinə çevirib. Bu iki kart etirazlara gözlənilməz bir fürsət verir”.

ABŞ-da yaşayan iranlı akademik Həmid Çarxkar da “Post”a açıqlamasında molla rejiminin kütləvi edamlara üz tutacağını istisna etməyib:

“Son bir neçə onillikdə İran rejimi haqda nəsə öyrənmişiksə, deyə bilərik ki, günahsız vətəndaşları öldürməkdən, ölkə daxilində və xaricində terroru yaymaqdan çəkinmir. Qondarma parlamentin üzvləri də etirazçıların edamının lehinə səs veriblər. Şübhə etmirəm ki, onların belə qəddar və qeyri-insani hökmü icra etmək niyyəti var. Eyni zamanda, rejimin nümayəndələri qorxurlar. Yaxşı bilirlər ki, nə qədər çox qan töksələr, insanlar onlara qarşı mübarizəsi bir o qədər qətiyyətli olacaq, nəticədə bu zalım sistemi alt-üst edəcək. Rejimin terror hökmranlığı öz gücünü itirib. Artıq insanlar küçələrdə ona qarşı açıq etiraz edirlər, çəkinmədən”.

Çarxkar Tehranla nüvə danışıqlarının dayandırılması da daxil olmaqla, rejim dəyişikliyinə çağırış edib:

“Yaxşı bilirik ki, İrandakı hökumət ancaq təzyiqlərə boyun əyir. Onların başa düşdüyü yeganə dil budur. Son iki ayda dünya öz gözləri ilə gördü ki, İran hökumətinin heç bir legitimliyi yoxdur və öz xalqını öldürməkdən çəkinmir. Ona görə də köhnə diplomatiya artıq ona cavab deyil. Qərb İran müxalifətini tanımalı və bu rejimi dəyişmək uğrunda apardığı mübarizədə İran xalqını dəstəkləməlidir.

Təəssüf ki, hələ də bəzi ABŞ rəsmilərindən iranlıların islahatlara gedəcəklərini dediklərini eşidirik, cavab belə olmalı deyil. Bu da İranın daxilində baş verənlərin yanlış anlaşıldığını göstərir. Avropa ölkələri diplomatlarını ölkədən çıxarmalı, rejimlə istənilən danışıqları dayandırmalı və qeyri-legitim hökumətlə iş görməyəcəklərini açıq şəkildə bildirməlidirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər