Rusiya ilk dəfə olaraq ABŞ-la məhbus mübadiləsi zamanı silah qaçaqmalçısı, eyni zamanda “ölüm satıcısı” kimi tanınan Viktor Boutu tələb edə bilər.
Teleqraf.com xəbər verir ki, ABŞ-Rusiya münasibətləri ilə bağlı diqqət çəkən mesajlar verən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyada həbsdə olan ABŞ basketbol ulduzu Britni Qrinerin rus silah qaçaqmalçısı Viktor Boutla dəyişdiriləcəyinə ümid etdiyini bildirib.
Mübadilə təklifi ilk dəfə belə yüksək rütbəli şəxs tərəfindən səsləndirilsə də, ABŞ administrasiyasının casusluqda ittiham olunan basketbolçu Qriner və keçmiş Hərbi Dəniz Qüvvələri zabiti Pol Uilanı xilas etmək üçün məhbus mübadiləsi ilə bağlı danışıqlar aparmaq istəyi çoxdan məlum idi.
Eynilə, mətbuatda Rusiyanın Boutun mümkün məhbus mübadiləsində adının çəkiləcəyinə dair iddialar var idi. Lakin əvvəllər nə ABŞ, nə də Rusiya rəsmiləri bu ehtimalı öz bəyanatlarına daxil etməyiblər. Hətta Rusiyanın amerikalı basketbolçunu sırf Bou geri qaytarmaq üçün həbs etdiyi iddia edilirdi.
Basketbolçu Britni Qriner Rusiyanın Ukraynaya təcavüzündən bir neçə gün əvvəl Moskva hava limanında saxlanılıb, baqajında daşınması qadağan olunan vasitə tapılıb. Qriner 9 il həbs cəzasına məhkum edilib. Hazırda ABŞ-da məşhur ulduzun geri alınması üçün Bayden administrasiyasına təzyiq edilir.