“Müharibənin 2023-cü ilin yazında bitəcəyi ilə bağlı proqnozlar yuxu kimi gəlir”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.
Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilovun səsləndirdiyi fikirlərə münasibət bildirən Yermak müharibəni onun dilə gətirdiyi şərtlərlə dayandırılmasının çətin olduğunu söyləyib.
“Ukrayna müdafiə nazirinin müavininin bu ifadəsi sanki yuxudur. Təbii ki, milyonlarla ukraynalı bu müharibənin ən qısa zamanda bitməsini arzulayır. Bununla belə, daha realist olacam”, - aparat rəhbəri bildirib.
Yermak vurğulayıb ki, Ukrayna ordusu Xerson və Xarkov istiqamətlərində uğur qazanıb, amma müharibə hələ də davam edir:
“Qələbə qazanacağımız günü və saatı dəqiq deməyə hazır deyiləm. Amma bu mütləq baş verəcək. Hər günün hər dəqiqəsində tərəfdaşlarımızla birgə mümkün olan hər şeyi edirik ki, ən qısa zamanda qələbə qazanaq”.
Ölkə rəsmisi qeyd edib ki, Rusiyanın genişmiqyaslı işğalının əvvəlində səsləndirilən bədbin proqnozlara baxmayaraq, hazırda dünya əhalisinin əksəriyyəti Ukraynanın qaçılmaz qələbəsinə əmindir.
Bundan əvvəl Vladimir Qavrilov Ukrayna qüvvələrinin ilin sonuna kimi Krıma qayıda biləcəyini və müharibənin gələn ilin yazına qədər başa çatacağını bildirib.