Türkiyə Silahlı Qüvvələri Milli Kəşfiyyat Təşkilatının (MİT) hərəkət planı üzrə Suriya və İraqdakı terror nöqtələrini vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Əməliyyat strategiyası (“Pəncə-Qılınc”) MİT-in topladığı kəşfiyyat məlumatları əsasında hazırlanıb. Bu çərçivədə PKK-nın silah-sursat və yanacaq saxlama mərkəzləri, sığınacaqları, bunkerləri, mağaraları, tunelləri və anbarları dağıdılıb.
Türkiyənin əməliyyatı zamanı Suriya və Rusiyanın hava vasitələrinin hərəkətsiz qalması diqqət çəkib. “Türkiyə” qəzetinin əldə etdiyi məlumata görə, MİT rəisi Hakan Fidanla Suriya kəşfiyyatının rəhbəri Əli Məmlük arasında keçirilən görüş əməliyyatda əsas rol oynayıb. Fidanın bu yaxınlarda Məmlüklə keçirdiyi görüşdə Türkiyənin Suriya daxilində 40 kilometr dərinlikdə hava əməliyyatı keçirməsində mühüm irəliləyiş əldə olunub.
Tərəflər həmçinin PKK-ya qarşı quru əməliyyatı ilə bağlı əməkdaşlığı müzakirə ediblər. Suriya müxalifəti Türkiyə döyüş təyyarələrinin son əməliyyatda sərhədin sıfır nöqtəsində manevr etdiyini açıqlasa da, bəzi mənbələr təyyarələrin sərhədin Suriya tərəfdən hədəflərini vurduğunu bildirib. Əməliyyatdan sonra Dəməşqin susması da diqqət çəkib.
Əsədə yaxın mənbələr kəşfiyyat səviyyəsində davam edən danışıqlarda BƏƏS rejiminin siyasi maraqları baxımından türk ordusunun antiterror əməliyyatlarına razılıq verdiyini deyirlər.