21 Noyabr 2022 15:39
2 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında və Suriyada keçirdiyi “Pəncə-Qılınc” hava əməliyyatının təfərrüatları üzə çıxmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, Diyarbəkirdən havaya qalxan F-16-ların ilk hədəfi Teqil Beqil kəndindəki terror düşərgəsi olub.

Türkiyə sərhədinin sıfır nöqtəsindəki Teqil Beqil düşərgəsi Suriyanın Hasəkə vilayətinin Əl-Malikiyyə qəsəbəsinin Karaçök dağı yaxınlığında yerləşir.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) generalı Maykl Kurillanın iştirakı ilə sentyabr ayında amerikalı hərbçilər və YPG terrorçuları Türkiyədən 4 kilometr məsafədə yerləşən bu kənddə ağır silahlarla birgə təlim keçirmişdilər. Zirehli maşınların üzərinə terror təşkilatını simvolizə edən əski parçaları və ABŞ bayraqları asılmışdı.

Kurilla bölgəyə səfəri çərçivəsində PKK/YPG terror təşkilatına bağlı SDQ qüvvələrinin lideri Fərhad Abdi Şahinlə görüşmüşdü. Şahin görüşdən sonra “Birgə işimizi davam etdirəcəyik” açıqlamasını vermişdi.

Həmin kənddəki düşərgə türk ordusunun son əməliyyatında ilk hədəfə alınan ərazilər sırasında olub. Terrorçuların kənddəki yeraltı tunelləri və sığınacaqları raketlərlə vurulub.

Tunelin terrorçular tərəfindən həbsxana və sursat anbarı kimi də istifadə edildiyi müəyyən edilib. Məlumata görə, terrorçuların iki qərargah binası da vurulan hədəflər arasında olub.

YPG terrorçularının ABŞ hərbçiləri ilə birgə təlimlər keçirdiyi bölgədə təlim məkanları kimi istifadə edilən qarajlar və anqarlar da daxil olmaqla, düşərgələr darmadağın edilən hədəflər sırasındadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər