21 Noyabr 2022 21:57
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın dini liderinin müşaviri Əli Əkbər Vilayəti məlum məqaləsi ilə guya aranı sakitləşdirmək istəyib. Ancaq həmin yazıda o qədər ikibaşlı ifadə yer alıb ki, qaş düzəltdiyi yerdə göz çıxarıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İran-Azərbaycan münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:

“İran Azərbaycana qarşı illərdir informasiya müharibəsi aparıb. Azərbaycan hakimiyyəti və rəsmi media 30 il səbrli davranıb. Həmin dövr geridə qalıb. Hazırda Azərbaycan dövlət mediasının İrana adekvat cavabı Tehrandakıları çaşdırıb. Onlar bunu gözləmirdilər.

Azərbaycan Dövlət Televiziyasının rəhbəri Rövşən Məmmədovun bazar günləri aparıcılıq etdiyi proqramda İranın siyasətinin sərt tənqidinə dəqiqələr ayrılır, Güney Azərbaycanla bağlı önəmli fikirlər söylənilir. Azərbaycanın digər televiziya kanalları da Azərbaycan Dövlət Televiziyasından geri qalmırlar.

“Günaz” TV təsis edildiyi gündən bu yana ardıcıl olaraq, İranın siyasətini tənqid edir, Güney Azərbaycandakı vəziyyəti işıqlandırır. İndi Azərbaycanda onlarla “Günaz” TV var. Tehran Azərbaycana qarşı təbliğatı dayandırmadıqca, bizim kanallar da eyni tempdə davam edəcəklər”.

Elxan Şahinoğlu hər şeyin molla rejimindən asılı olduğunu bildirib:

“İnformasiya müharibəsini dayandırmaq və ya fasilə vermək Tehrandan asılıdır. Bu, otuz ildə baş verməyibsə, bundan sonra nəyinsə dəyişəcəyinə ümid azdır.

İranın dini liderinin (Əli Xameneyi) müşaviri Əli Əkbər Vilayəti məlum məqaləsi ilə guya aranı sakitləşdirmək istəyib. Ancaq həmin yazıda o qədər ikibaşlı ifadə yer alıb ki, keçmiş nazir qaş düzəltdiyi yerdə göz çıxarıb. Belə yazılarla barışığa zəmin yoxdur. Digər tərəfdən biri “barışıqdan” yazdığı halda deputatları, imamları, generalları Azərbaycanın əleyhinə ağılları və ağızlarına gələni danışırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər