G20 sammiti ərəfəsində Ukrayna və Rusiya arasında aparılan danışıqlarda vasitəçi ölkələrdən biri mümkün sülh müqaviləsinin layihəsini Prezident Vladimir Putinə təqdim edib. Layihədə deyilirdi ki, Rusiya qoşunları Ukraynanın bütün ərazilərindən çıxmalıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Ukrayna Pravda” qəzeti yazır.
“G20 sammiti ərəfəsində Putin vasitəçi ölkələrdən birindən mümkün razılaşma üçün “çərçivə”alıb”, - nəşr bildirir.
“Ukrayna Pravda” ABŞ xüsusi xidmət orqanlarının bu barədə dəqiq məlumat əldə etdiyini iddia edir.
“Sazişin mahiyyəti ondan ibarət olub ki, müvəqqəti olaraq işğal olunmuş bütün ərazilər Donbas da daxil olmaqla Kiyevin nəzarətinə qaytarılmalıdır”, - məqalədə vurğulanır.
Eyni zamanda, Krımla bağlı bütün danışıqların 7 il müddətinə dondurulması, eləcə də Ukraynanın NATO-ya daxil olması təklif edilib.
Bundan əlavə, bu variant Ukraynaya raket hücumlarının dayandırılmasını nəzərdə tutub ki, bu da Moskvanın niyyətinin ciddiliyini təsdiq etməli idi. Bu təklif G20 sammiti zamanı Ukrayna şəhərlərinə kütləvi raket hücumundan sonra aktuallığını itirib.
G20 liderlərinin görüşü noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçirilib.