Böyük Britaniya Müdafiə Nazirliyinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı kəşfiyyat hesabatında rus ordusunun İran istehsalı silah ehtiyatlarını tamamilə tükətdiyi bildirilib.
Teleqraf.com xəbər verir ki, ingilis kəşfiyyatı Rusiyanın bundan sonra İrandan daha çox silah ala biləcəyini də diqqətə çatdırıb.
“Sentyabrdan bəri Rusiya Ukraynaya qarşı İran istehsalı yüzlərlə pilotsuz təyyarədən (PUA) istifadə edib. Rusiya bu silahlarla əsasən taktiki hərbi hədəfləri və Ukraynanın elektrik şəbəkəsini vurub”, - hesabatda qeyd olunub.
Məlumata görə, Rusiya Ukrayna ilə müharibədə yüzlərlə “Şahid 136” dronundan istifadə edib. Moskva bu kamikadze dronlarından istifadəni inkar etsə də, İran bunları Rusiyaya verdiyini etiraf edib.
Rusiya ordusu İran PUA-larından əsasən Ukraynanın enerji infrastrukturuna hücumlarında istifadə edir.
Bundan əvvəl “Vaşinqton Post” Tehranın Moskva ilə Rusiyada PUA istehsalı ilə bağlı razılığa gəldiyinı yazıb. Nəşr İranın istehsala başlamaq üçün lazım olan komponentləri Rusiyaya təhvil verdiyini bildirib.