Türkiyənin terror hədəflərinə qarşı uğurla həyata keçirdiyi “Pəncə-Qılınc” əməliyyatının əks-sədaları davam edərkən, ABŞ Müdafiə Nazirliyindən mövzu ilə bağlı skandal açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, Pentaqonun sözçüsü Patrik Rayder Türkiyənin hədəf aldığı PKK/YPG terror təşkilatı ünsürlərini “yerli tərəfdaşlar” adlandırıb.
“Müdafiə Nazirliyi Suriyanın şimalında, İraqda və Türkiyədə artan gərginlikdən çox narahatdır. Bu eskalasiya Anti-İŞİD koalisiyasının İŞİD-i zəiflətmək və məğlub etmək üçün illər ərzində əldə etdiyi irəliləyişi təhdid edir. Suriyadakı son hava hücumları Suriyada İŞİD-i məğlub etmək və on mindən çox İŞİD məhbusuna nəzarəti təmin etmək üçün yerli tərəfdaşlarla işləyən ABŞ personalının təhlükəsizliyini birbaşa təhdid edib”, - Rayder bildirib.
Rayder onu da deyib ki, ABŞ gərginliyin azaldılmasına çağırmaqla yanaşı, Türkiyənin legitim təhlükəsizlik narahatlıqlarını qəbul edir: “Atəşkəsi qorumaq üçün Türkiyə və yerli tərəfdaşlarımızla əlaqə saxlamağa davam edəcəyik”.