İsveç parlamentində Yaşıllar Partiyasının sədri Marta Stenevin Suriyanın şimalında keçirdiyi “Pəncə-Qılınc” əməliyyatına görə Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanı tənqid edib.
Teleqraf.com xəbər verir ki, partiya sədri iclasda iştirak edən İsveç Baş naziri Ulf Kristerssondan niyə buna görə Türkiyə və Prezident Ərdoğanı tənqid etmədiyini soruşub.
Baş nazir ona cavabında Türkiyənin terror hücumlarına qarşı özünü müdafiə etmək hüququnun olduğunu deyib.
Kristersson bütün tərəfləri təmkinli və sakit olmağa, mülki şəxslər və obyektləri hərbi təhlükəyə məruz qoymamağa çağırıb:
“Suriyanın şimalında vəziyyət çox mürəkkəbdir, bir tərəfdən İŞİD terror təşkilatına qarşı mübarizə gedirsə, digər tərəfdən də etiraf etmək lazımdır ki, Türkiyə terror hücumlarına məruz qalan bir ölkədir. Onu da qeyd edək ki, Türkiyənin hər cür terror hücumundan qorunmaq hüququ var”.
Baş nazir dünyanın Türkiyəni anlamasının lazım olduğunu vurğulayıb:
“Türkiyəni vuran terror aktlarının digər ölkələri vuran terror aktları qədər pis olduğunu qəbul etmək üçün səbəblər var. İsveçdə müxtəlif yollarla terrorla əlaqəli fəaliyyətlərdə iştirak edən və terroru maliyyələşdirən insanlar İsveçi deyil, Türkiyəni hədəfə alırlar. İsveç onlar üçün təhlükəsiz sığınacaq olmamalıdır”.