“Pəncə-Qılınc” əməliyyatı ilə PKK/YPG terror təşkilatına ağır zərbə vuran Türkiyə quru əməliyyatı ilə terrorçuların işğal etdikləri əraziləri azad etməyə hazırlaşır. Hərbi daşınmaları böyük ölçüdə başa vuran türk qüvvələri Suriya Milli Ordusu ilə birlikdə hərəkətə keçmək əmri gözləyir.
Teleqraf.com xəbər verir ki, Türkiyənin quru əməliyyatından əvvəl Suriyada hərbi qüvvələri olan ABŞ-ın nə edəcəyi maraq doğurur.
ABŞ-ın Türkiyənin Suriyanın şimal-şərqindəki quru əməliyyatını səbəb kimi göstərərək, mülki personalını İraqın şimalına çəkdiyi iddia edilib. Mövzu ilə bağlı ABŞ-dan heç bir təkzib gəlməyib.
“Əl-Monitor”un məlumatına görə, ABŞ diplomatları da daxil olmaqla bütün mülki əməkdaşlarını Ərbilə təxliyə edib. Mənbə buna səbəb kimi Türkiyənin Suriyanın şimal-şərqində qurudan hücuma hazırlığını göstərib.
ABŞ-ın Suriyanın şimal və şərqindən diplomatlar da daxil olmaqla mülki personalını Ərbilə çəkməsi ilə bağlı iddialar ABŞ Dövlət Departamenti tərəfindən təkzib edilməyib. Mərkəzi Komandanlıq (CENTCOM) buna istinadla Suriyadakı amerikalı hərbçilərin təhlükəsizliyi barədə açıqlama verməyəcəyini bildirib.
Bu iddiaların doğru olub-olmadığını soruşulduqda CENTCOM-dan belə cavab verilib: “Suriyadakı kadrlarımızın hərəkətlərindən danışa bilmərik, bunu etmək onları təhlükə altına qoya bilər”.
Bununla yanaşı, ABŞ Dövlət Departamenti iddiaları təsdiqləməyib, amma açıqlamasında buna oxşar suallar aldıqlarını, gərginliyin azaldılması ilə bağlı əvvəlki çağırışlarını təkrarlayıb.