Yaponiya və Monqolustan liderləri raket sınaqları və nüvə proqramı ilə təhlükə yaradan Şimali Koreyanı bu fəaliyyətlərini dayandırmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, Tokioda səfərdə olan Monqolustan Prezidenti Uxnaa Xurelsux Yaponiya Baş naziri Kişida Fumio ilə görüşündə ikitərəfli və regional əlaqələri müzakirə edib.
Kişida və Xurelsux görüşdən sonra yaydıqları birgə bəyanatda Şimali Koreya rəhbərliyini raket sınaqlarını və nüvə proqramını dayandırmağa çağırıb.
Liderlər rəsmi Pxenyandan Şimal-Şərqi Asiyanın sülh və sabitliyi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsini istəyiblər.
Bəyanatda iki ölkə həmçinin Şimali Koreya tərəfindən saxlanıldığı iddia edilən Yaponiya vətəndaşlarının öz vətənlərinə qaytarılması məsələsinin dərhal həllini tələb ediblər.
Monqolustanın Şimali Koreya ilə diplomatik əlaqələri var. Saxlanılan yaponlarla bağlı məsələnin həllində Tokio Monqolustanı mühüm vasitəçi kimi görür.
Səfər çərçivəsində Monqolustan lideri Xurelsuxun Yaponiya İmperatoru Naruxito ilə görüşü və ölkənin keçmiş paytaxtı Kiotoya səfəri planlaşdırılır.