Norveç Baş naziri Yonas Qar Stere Türkiyənin terrorla mübarizə haqqının olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Almaniya Kansleri Olaf Şolzla Berlində keçirilən birgə mətbuat konfransında danışıb.
“Türkiyənin terrorla təhdid olduğu zaman mübarizə aparmaq hüququ var”, - Stere vurğulayıb.
Jurnalistin Türkiyənin transsərhəd əməliyyatları ilə bağlı sualına Norveç baş naziri rəsmi Ankaranın öz təhlükəsizliyini təmin etmək səylərinə hörmətlə yanaşdıqlarını, amma bütün tərəflərdən gərginliyə səbəb olacaq hərbi əməliyyatlardan çəkinmələrini istədiklərini söyləyib.
Ölkəsinin İsveç və Finlandiyanın NATO üzvlüyünü dəstəklədiyini vurğulayan Stere bu iki ölkənin üzvlüyü ilə Avropanın kollektiv təhlükəsizliyə sahib ola biləcəyini qeyd edib.
Baş nazir əlavə edib ki, Türkiyə ilə yanaşı, bütün NATO üzvlərinin bu iki ölkənin üzvlüyünə razılıq verməsini gözləyir.