ABŞ Prezidenti Co Baydenin administrasiyası Almaniyadakı Amerika bazasında ukraynalı müdafiəçilərin təlimini əhəmiyyətli dərəcədə genişləndirmək imkanını nəzərdən keçirir. Söhbət hər ay 2500 hərbçinin hazırlanmasından gedir.
Teleqraf.com xəbər verir ki, ABŞ hakimiyyəti təkcə təlim keçəcək ukraynalı əsgərlərin sayını artırmağı deyil, həm də döyüşçülərin hazırlanmasına yanaşmanı dəyişməyi planlaşdırır.
Yeni proqrama əsasən, ABŞ Ukrayna əsgərlərinin xeyli böyük qruplarına daha mürəkkəb döyüş taktikaları, o cümlədən piyadaların manevrlərinin artilleriya dəstəyi ilə koordinasiyası üzrə təlimlərə başlayacaq.
Nəşrin mənbəsi qeyd edir ki, bu təlim Ukrayna hərbçilərinin Polşa və ya Böyük Britaniyada aldığı təlimlə müqayisədə daha intensiv və əhatəli olacaq.