Rusiyanın İran istehsalı “Şahid-136” dronlarından istifadəni azaltması həm ehtiyatların tükəndiyini, həm də bunların sonrakı istifadə taktikasının dəyişdiyini göstərə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun “Cənub” qüvvələrinin komandanlığının sözçüsü Nataliya Humenyuk deyib.
“Müşahidələrimiz deməyə əsas verir ki, Rusiya son zamanlarda kamikadze dronları ilə daha daha az hücumlar edir. Son hücumlarda əsasən “Lanset”lərdən istifadə olunub. Rusların hazırda “Şahid”lərdən istifadə etməmələri həm tədarükün bitməsindən, həm taktikanın dəyişməsindən, həm də yeni hava şəraitində onların manevr imkanlarının öyrənilməsindən xəbər verə bilər”, - sözçü bildirib.
Humenyuk onu da xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri pilotsuz uçan aparatların idarəetmə mərkəzinə zərbələr endirib, bu zaman iranlı təlimatçılar məhv edilib:
“Bunu nəzərə alaraq, Ukrayna hərbçiləri “Şahid”dən istifadə ilə bağlı vəziyyətin dəyişməsini diqqətlə izləyəcək”.
Rusiya Ukrayna şəhərlərinə və mühüm infrastruktur obyektlərinə zərbələr endirmək üçün İranın “Şahid-136” pilotsuz təyyarələrindən fəal şəkildə istifadə edir. Bundan başqa, Moskva və molla rejimi Rusiyada pilotsuz təyyarələrin istehsalına dair razılığa gəlib.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bildirib ki, Rusiya indiyədək Ukrayna ərazisinə 400-dən çox İran istehsalı kamikadze dronu atıb. Bunların əksəriyyəti məhv edilib.