PKK terror təşkilatının Suriya qolu YPG-yə qarşı quru əməliyyatı yaxınlaşır. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalının sözlərinə görə, əməliyyat sabah, gələn həftə və ya istənilən vaxt həyata keçirilə bilər. Gözlənilən an yaxınlaşdıqca YPG və onu dəstəkləyən Vaşinqtonda çaxnaşma hökm sürür.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazır.
Türk nəşri ABŞ Müdafiə Nazirliyi və Ağ Evdən bir-birinin ardınca bəyanatlar gəldiyinə diqqət çəkir:
“YPG lideri Mazlum Kobani (Fərhad Abdi Şahin) günlərdir Moskva-Vaşinqton xəttində vargəl edir. Xarici mediada kanal-kanal gəzir, agentliklərə açıqlamalar verir, illərdir təkrarladığı tezisləri dilə gətirir. Bu tezis nədir? Tezis belədir: “Türkiyənin mümkün əməliyyatı YPG-nin zəiflətdiyi İŞİD-in xeyrinə olacaq, ona görə də ABŞ və dünya əməliyyatın qarşısını almalıdır”.
İstifadə müddəti bitmiş bu kiflənmiş təbliğata ən yaxşı cavabı rəqəmlər verir. Əvvəla, baxmaq lazımdır ki, Türkiyə İŞİD-lə mübarizədə nə edib?
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Sülh Çeşməsi” əməliyyatları ilə 6 ildə 16 min 913 terrorçunu zərərsizləşdirib. “Fərat Qalxanı” əməliyyatının ilk günündə Suriyanın Serablus vilayətinin və Babın mərkəzi İŞİD-dən azad edilib. Türkiyə təkcə “Fərat Qalxanı” əməliyyatı ilə 7 ayda 3936-sı İŞİD, 1976-sı PKK/YPG üzvü olmaqla 5912 terrorçunu zərərsizləşdirib.
Baxın, YPG-nin bu qarayaxma təbliğatının ən gülməli tərəfi Türkiyənin guya terror təşkilatları arasında fərq qoyması iddiasıdır.
İllərdir dünya ictimai rəyini bu nağıllarla aldadan YPG-yə veriləcək cavab bəllidir: Türkiyə Silahlı Qüvvələri YPG və İŞİD olmasından asılı olmayaraq hər cür terrorun kökünü kəsməyə qadirdir. Bunu edəcək”.
Nəşr bildirir ki, NATO-nun ikinci ən güclü ordusuna – Türkiyəyə qarşı terror təşkilatının tərəfini tutanlar yol ayrıcındadır:
“Əl-Cəzirə”nin məlumatına görə, Türkiyə Suriyanın hökumət qüvvələrinin Təl Rıfatdan çıxarılması üçün Rusiyaya müraciət edib. Məlumatda deyilir ki, Rusiya Türkiyənin tələbini qəbul edib və PKK/YPG yaraqlılarını, eləcə də Suriya qüvvələrini Təl Rıfatdan çəkilməyə razı salmağa çalışır. Qeyd edilir ki, Ankara Moskvaya tələblərini yerinə yetirmək üçün vaxt verib, əks halda hərbi əməliyyata başlayacaq. Yəni Prezident Ərdoğanın təbirincə desək, öz göbəyimizi özümüz kəsəcəyik.
Ən mühüm məqam PKK-nı terror təşkilatı kimi tanıyan, amma onun Suriyadakı uzantısını qoruyan və ona təlim keçən ABŞ-ın nə edəcəyidir. Bu məqamda Pentaqondan verilən açıqlama önəmlidir. Pentaqon YPG ilə bölgədə patrulların sayını azaltdığını açıqlayıb. Amma ABŞ digər tərəfdən YPG lideri Şahinin ağzı ilə açıqlama verməyə davam edir. Görək, Vaşinqton növbəti dəfə də tarixin yanlış tərəfində olacaq?”.