Çin Mərkəzi Televiziyasında (CCTV) yeni yayımlanan sənədli film J-15 döyüş təyyarəsinin mənşəyinə işıq salıb. Sənədli filmdə J-15-in hər mənada Su-33-lə demək olar ki, eyni olduğu bildirilib.
Teleqraf.com xəbər verir ki, Çinin dövlət Aviasiya Sənayesi Korporasiyasının (AVIC) törəmə şirkəti olan Shenyang Aircraft Corporation tərəfindən istehsal olunan J-15 “Uçan köpəkbalığı” ləqəbinə malikdir.
Bildirilir ki, bu döyüş təyyarəsi ilk dəfə 2014-cü ildə xidmətə başlayıb və son məlumatlara görə, hazırda 50-si istismardadır.
Ötən il J-15 döyüş təyyarələrində qanadlar, radar, axtarış və izləmə sistemi də daxil olmaqla bir sıra təkmilləşdirmələr aparılıb. Bu təkmilləşdirmələrin məqsədinin ABŞ mənşəli F-35 qırıcı təyyarələri səviyyəsinə çatmaq olduğu da bildirilib.
Sənədli filmdə qeyd olunub ki, Rusiya ilə təyyarə istehsalı ilə bağlı müqavilənin pozulması səbəbindən Çin J-15-ləri Rusiyanın Su-33-ləri ilə müqayisə edib.
Bildirilir ki, J-15-in ölçüləri Su-33-ün ölçüləri ilə tam eynidir və istehsal olunan modellər Rusiyanın Saturn AL-31F mühərrikləri ilə işləyir.
Mütəxəssislərin fikrincə, döyüş meydanında təyyarənin mənşəyi əhəmiyyət kəsb etmir, önəmli olan J-15 ABŞ döyüş təyyarələri ilə qarşılaşsa, kimin üstün olacağıdır.
Həmçinin qeyd olunub ki, bütün təkmilləşdirmələrinə baxmayaraq, J-15-lər yalnız dördüncü nəsil qırıcı təyyarələr kimi təsnif edilə bilər və ABŞ-ın beşinci nəsil qırıcılarının bu gün malik olduğu qabaqcıl texnologiyadan məhrumdur.