5 Dekabr 2022 17:28
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi təmaslar üçün ilk dəfə Qazaxıstana gələn Yunanıstan xarici işlər naziri Nikos Dendias paytaxt Astanada qazax həmkarı Muxtar Tileuberdi ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra Tileuberdi və Dendias Qazaxıstan və Yunanıstan xarici işlər nazirlikləri arasında diplomatların hazırlanması sahəsində əməkdaşlığa dair anlaşma imzalayıblar.

Daha sonra ikili birgə mətbuat konfransı keçirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də rəsmi təmaslar üçün ölkəsinə gələn Yunanıstan xarici işlər nazirini qəbul edib.

Tokayev Yunanıstanla əlaqələrin onlar üçün prioritet olduğunu bildirib:

“Qarşılıqlı əməkdaşlıq göstəricilərini yeni səviyyəyə çatdırmaq üçün əlimizdən gələni edəcəyik”.

Dendias isə Orta Asiyada sabitliyin qarantı olan Qazaxıstanı regionun ən böyük və prioritet ölkəsi kimi gördüklərini söyləyib: “Yunanıstan ölkənizlə qarşılıqlı faydalı əməkdaşlığa hazırdır”.


Müəllif: Mənsur Rəğbətoğlu