6 Dekabr 2022 17:32
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa xarici işlər nazirinin müavini Marsin Pridaç Fransa Prezidenti Emmanuel Makronun Rusiya ilə bağlı dediklərini “səhv” adlandıraraq, Moskvanın təminata ehtiyacı olmadığını və bunun təhlükə yaratdığını bildirib.

Teleqraf.com xəbər verir ki, Polşa rəsmisi Rusiyaya güvənməyin mümkün olmadığını deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynada müharibəni dayandırmaq üçün danışıqlar masasına qayıdarsa, yeni təhlükəsizlik arxitekturasının Rusiyaya zəmanət verməsi lazımdır.

Rusiya lideri Vladimir Putinlə görüşməməyin və Moskvanı təcrid durumunda saxlamağın tərəfdarı olan Pridaç Makronun Rusiya ilə bağlı sözlərinin “səhv” olduğunu söyləyib.

“Rusiyanın belə zəmanətlərə ehtiyacı yoxdur, çünki o təhlükədir”, - Polşa rəsmisi qeyd edib.

O, Fransa prezidentinin açıqlamalarını anlamağın çətin olduğunu da vurğulayıb:

“Fransa prezidentinə görə, Rusiya təhlükəsizlik təminatını kimdən almalıdır? Kim Rusiyaya hücum etmək istəyir? Kiminsə təhlükəsizlik zəmanətinə ehtiyacı varsa, o, Rusiya təhlükəsi ilə üzləşən Ukrayna və Mərkəzi və Şərqi Avropa ölkələridir”.

Pridaç deyib ki, Rusiya ilə istənilən təmas və ya buna cəhd Putini gücləndirəcək:

“İnanırıq ki, təcrid siyasəti ilə arzulanan məqsədlərə nail olmaq olar. Bütün bu telefon zənglərini və danışıqlara cəhdləri tənqid edirik, çünki bunlar yalnız Putini gücləndirir”.

Makron bundan əvvəl söyləyib ki, əgər Putin müharibəni diplomatiya yolu ilə bitirməyə razı olarsa, Qərb Rusiyanın təhlükəsizlik problemlərinin həlli yollarını nəzərdən keçirməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər