Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı maksimalist məqsədlərindən əl çəkməyib. Moskvada Ukraynanın suverenliyinə tamamilə son qoymağa yönəlmiş uzun müharibə üçün şərait yaradılır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Kremlin sözçüsü Dmitri Peskov ilk dəfə etiraf etdi ki, Rusiyanın hazırkı məqsədi dörd vilayəti tamamilə ələ keçirməkdir. Putin hələ də Ukraynaya qarşı müharibədə maksimalist məqsədlərini həyata keçirmək istəyir.
Peskov onu da dedi ki, hazırda yeni əraziləri ilhaq etmək Rusiyanın əsas məqsədlərindən biri deyil, çünki Donetsk, Luqansk, Zaporije və Xerson vilayətlərinin tam işğalı üçün hələ çox iş görülməlidir. Onun sözlərinə görə, Kreml hələ də Ukraynada “demilitarizasiya” və “denazifikasiya” məqsədlərini həyata keçirir. Bu da Rusiyanın hələ də hakimiyyət dəyişikliyinə və Ukraynanın gələcək hücumlarına və ya təzyiqlərinə müqavimət gücünün aradan qaldırılmasına can atdığını təsdiqləyir.
Putinin dekabrın 7-də Rusiyanın imperiya tarixinə istinad və ölkəsini “Ukraynanın suverenliyinin yeganə təminatçısı” kimi təqdim etməsi Kremlin Ukraynanın suverenliyinə tamamilə son qoymağa yönəlmiş uzunmüddətli müharibəyə zəmin hazırladığının növbəti göstəricisidir.
Kremlin məqsədyönlü şəkildə ardıcıl olmayan informasiya siyasəti işğalçıların davam edən əməliyyatlarının bir hissəsidir. ISW qeyd edir ki, bu, Qərbi çaşdırmaq və Kiyevi danışıqlara və qabaqlayıcı güzəştlər təklif etməyə sövq etmək məqsədi daşıyır.