Çin lideri Si Cinpinin Səudiyyə Ərəbistanına səfəri başlayıb. Cinpin Səudiyyəyə bundan öncə 6 il əvvəl səfər edib. Dövlət başçısı səfəri zamanı həm bu ölkə ilə əməkdaşlığı müzakirə edəcək, həm də Çin-ərəb ölkələri sammitində iştirak edəcək. Bu, Cinpinin Çində pandemiya başladıqdan sonra üçüncü xarici səfəridir. Bundan əvvəl Çin lideri Qazaxıstan və Özbəkistanda olub. Bu iki ölkə də Pekin üçün vacib tərəfdaşlardır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertlərinin fikrincə, Pekinin Yaxın Şərq ölkələrinə marağı artıb:
“Yaxın Şərq ölkələri də Çinlə iqtisadi əməkdaşlığı genişləndirmək istəyirlər. Çünki uzun onilliklərdir ərəb ölkələrinin əsas siyasi və iqtisadi tərəfdaşı ABŞ-dır. Çin bu bölgədə Amerikanı sıxışdırmağa başlayıb. Çin son 5 ildə Səudiyyənin əsas ticarət tərəfdaşına çevrilib. İki ölkə arasında 2021-ci ildə ticarət dövriyyəsinin həcmi təxminən 82 milyard dollar olub. Səudiyyə Çinə maliyyə yatırımına görə 12-cı sıradadır. Çinin də bu ölkədə böyük yatırımları var və bölgəyə yatırımlarının 20 faizini təşkil edir. Çinin neftə olan tələbatının 17 fazini Səudiyyə təmin edir.
İki ölkə əməkdaşlıqda daha irəli getmək istəyir. Cinpinin Ər-Riyadda görüşləri zamanı müxtəlif sahələrdə 34 müqavilə imzalanıb. İmzalanan anlaşmaların dəyəri 30 milyard dollara yaxındır. Bundan başqa, iki ölkə arasında strateji tərəfdaşlıq barədə də saziş imzalanıb. Səudiyyə Çinin “Bir Kəmər, Bir Yol” layihəsində də iştirak etmək istəyir.
Çin Səudiyyə ilə yanaşı digər ərəb ölkələri ilə də əlaqələri genişləndirməyə çalışır. Cinpin bu ölkələrin hər birinə ayrılıqda səfər etmək əvəzinə ərəb dövlətlərin liderləriylə ilə Səudiyyədə görüşməyə qərar verib. Çin lideri Ər-Riyadda 30 dövlətin başçısıyla görüşəcək.
Çin ərəb ölkələriylə yanaşı, İran və Suriya ilə əməkdaşlıqdan da imtina etmir. Halbuki ərəb ölkələrinin Suriya və İrana münasibətləri mənfidir”.
Təhlildə qeyd olunur ki, bu gedişat Vaşinqtonu ciddi narahat edir:
“Siyasi ekspertlər ABŞ Prezidenti Co Baydenin iyulda Səudiyyə Ərəbistanına səfərinin nəticələrini “uğursuz” adlandırırlar. Ərəb ölkələri son illər Vaşinqtonun siyasətindən narazı qaldıqlarını gizlətmir. Buna görə də ərəb ölkələri Çinlə əməkdaşlığa maraq göstərməklə, Vaşinqtonun bölgədə daha fəal siyasət yürütməyə təşviq etməyə çalışırlar.
Səudiyyə və müttəfiqləri Çinlə iqtisadi əməkdaşlıqlarını genişləndirməyə çalışsalar da, hərbi və təhlükəsizlik baxımından Amerikadan asılıdırlar. Əslində, Pekin artan iqtisadi əlaqələr vasitəsilə ərəb ölkələri ilə hərbi əməkdaşlığı da inkişaf etdirmək istəyir. Ancaq ərəb ölkələri bu məsələdə ehtiyatlı mövqe tutacaqlar”.