“Kreml ona inanır ki, nə vaxtsa dünyada geosiyasi, iqtisadi, sosial və ya başqa vəziyyət o qədər dəyişəcək ki, Ukraynanı məğlub etmək daha asan olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
“Rusiyanın uzunmüddətli müharibə zərurəti haqda danışmağa başlamasının özü artıq dissonansdır. Əvvəl üç günə, sonra bir həftəyə bütün Ukraynanı ələ keçirəcəklərini deyirdilər. Sonra bir ay oldu. Dissonans həm də ondan ibarətdir ki, çəkişmə Rusiya ordusunu yorur. Dissonans onunla gücləndirilir ki, rus komandanlığı anlayır, müharibə nə qədər uzun sürərsə, daha çox silahsızlaşırlar, ehtiyatları tükəndirirlər və hərbi potensialı itirirlər. Müharibə zonasındakı T-62 tankları və D-1 haubitsaları bu barədə gözəl danışırlar”, - ekspert qeyd edib.
Kovalenko hesab edir ki, Kreml hələ də nəyəsə ümid edir:
“Yadınızdadırmı, Avropanın Ukraynadakı müharibədən yorulacağına və Ukrayna Silahlı Qüvvələrinə yardımı dayandıracağına necə ümid edirdilər? Ona da ümid edirdilər ki, II Elizabetin ölümü Londonun Kiyevə yardımına təsir edəcək. Boris Conson baş nazir postundan gedəndə də belə düşünürdülər. Co Baydenin koronavirusa yoluxub öləcəyinə ümidləri vardı. Respublikaçıların Senat və Konqresi ələ keçirəcəyini, Avropanın Rusiya qazı olmadan donub Ukraynaya yardımı dayandıracağını və sairi düşünürdülər. Kremlin ümidləri yalnız bu xəstə fantaziyalar toplusuna əsaslanır”.
Ekspertin fikrincə, Rusiya müharibəni uzatmağa, müharibədə yüz minlərlə vətəndaşını, eləcə də hərbçilərini məhv etməyə, nəhayət, ordusunu demilitarizasiya etməyə hazırdır ki, illüzion ümidlərindən biri gerçəkləşsin.