Ötən həftə Əfqanıstanın paytaxtı Kabildə sui-qəsd cəhdinə məruz qalan Hizbi İslam Partiyasının lideri Gülbəddin Hikmətyar tərəfdarlarından yeni müharibəyə hazırlaşmalarını istəyib.
Teleqraf.com xəbər verir ki, Hikmətyar məsciddə cümə namazı xütbəsində ona qarşı sui-qəsd cəhdinə toxunub.
Hücum edənlərin Tacikistan vətəndaşı olduqlarının müəyyənləşdirildiyini bildirən partiya lideri hücumun hansısa qruplaşmaya aid edilməsinin hələ tez olduğunu bildirib.
Hikmətyar hücum edənlərin çantalarında İŞİD bayrağının ələ keçirildiyini, amma bunun əsl təqsirkarları gizlətmək vasitəsi ola biləcəyini də söyləyib.
Partiya lideri 2016-cı ildə silahlı mübarizədən əl çəkdiklərini və keçmiş Əfqanıstan hökuməti ilə sülh müqaviləsi imzaladıqlarını, amma bəzi dairələrin bundan narahat olduğunu deyib.
“Qərarımızı verməliyik. Biz indiyədək iki işğalçıya və onların yadelli əlaltılarına qarşı vuruşmuşuq. Hizbi İslam tərəfdarlarından yeni müharibə və mübarizəyə hazırlaşmağı xahiş edirik”, - Hikmətyar vurğulayıb.
Hikmətyar kimə qarşı mübarizə aparacaqları barədə açıqlama verməyib.
Ötən həftə Kabildə Hizbi İslam Partiyasının qərargahında yerləşən məscidə cümə namazı vaxtı silahlı və bombalı hücum təşkil edilib. Hikmətyarın mühafizəçilərinin müdaxiləsi ilə hücumçular zərərsizləşdirilib. Hikmətyar hücumdan xəsarət almadan xilas olub.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
1996-97-ci illərdə baş nazir vəzifəsini də icra edən Hikmətyar 1996-cı ildə Taliban ölkədəki gücünü artırdıqdan sonra Kabili tərk etməli olub.
2021-ci ildə Talibanın Kabili ələ keçirməsi ilə bir çox dini-siyasi lider ölkəni tərk edib, Hikmətyar isə burada qalmağa üstünlük verib.