Almaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə İran XİN-dən açıqlama verilib.
Səfir Hans Udo Muzelin Almaniya rəsmilərinin İranın daxili vəziyyəti ilə bağlı “müdaxilə xarakterli, hadisələrin inkişafı və ölkədəki qarışıqlıq və qeyri-sabitliyə dəstəkçi” münasibətlərini davam etdirmələrinə cavab olaraq XİN-ə çağırıldığı bildirilib.
XİN Almaniya hakimiyyətini təxribatçılıqda da ittiham edib.
Tehran noyabrın 14-də də Kansler Olaf Şolzun və noyabrın 28-də Almaniya İnsan Haqları Şurasında alman rəsmilərinin İranla bağlı açıqlamalarına cavab olaraq Muzeli XİN-ə çağırıb.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer İranda nümayişçilərə qarşı zorakılığa görə məsuliyyət daşıyanların mühakimə olunmasına çağırış edib. İranlı etirazçıları “cəsur” adlandıran Ştaynmayer onların azadlıq həsrətinin boğulmayacağını və bunu dünyaya nümayiş etdirdiklərini deyib.
Federal hökumətin sözçüsünün müavini Kristian Hofman isə İranda nümayişçilərin edam edilməsini şiddətlə qınadıqlarını bildirib.
Almaniya XİN də dünən İranın Berlindəki səfirini çağıraraq, etirazçı Möhsün Şikarinin edam edilməsinə görə hökumətin etirazını bildirib.
Ölkədə üç aya yaxındır davam edən nümayişlərlə bağlı 11 nəfərə ölüm hökmü verilib.