İstanbulda Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal və rusiyalı həmkarı Sergey Verşinin arasında keçirilən görüşdə BMT-də islahatlar, taxıl sazişinin icrası, Ukrayna və Suriyadakı durumla bağlı məsələlər müzakirə olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyə Rusiya ilə apardığı siyasi məsləhətləşmələrdə PKK/YPG terror təşkilatı ilə bağlı imzalanan anlaşmanın müddəalarının yerinə yetiriləcəyinə dair gözləntilərini bir daha vurğulayıb.
“Təkcə Suriyanın ərazi bütövlüyünə deyil, milli təhlükəsizliyimizə də ekzistensial təhdid yaradan PKK/YPG/PYD terror təşkilatı ilə mübarizədə qətiyyətimizi bir daha vurğuladıq. Bu kontekstdə 2019-cu ilin oktyabrında Rusiya ilə imzalanmış anlaşmanın müddəalarının yerinə yetirilməsini gözlədiyimizi bildirdik”, - açıqlamada qeyd edilib.