10 Dekabr 2022 16:09
2 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Tehrandan aldığı döyüş pilotsuz təyyarələri müqabilində İrana görünməmiş səviyyədə hərbi dəstək təklif edir”.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Con Kirbi deyib.

Onun sözlərinə görə, bu, iki ölkə arasında münasibətləri tam müdafiə tərəfdaşlığına çevirir:

“Rusiya İrana görünməmiş səviyyədə hərbi-texniki dəstək təklif edir, bu, onların münasibətlərini tam müdafiə tərəfdaşlığına çevirir. Bu tərəfdaşlıq təkcə Ukrayna üçün deyil, həm də İranın regiondakı qonşularına təhlükə yaradır. Bu məlumatı Yaxın Şərqdəki və dünyadakı tərəfdaşlarımızla bölüşmüşük”.

Kirbi qeyd edib ki, Moskva və Tehran arasında hərbi əməkdaşlıq Rusiyanın bu ilin yazından başlayaraq iranlı pilotlara SU-35 qırıcıları ilə təlim keçməsini əhatə edir. ABŞ rəsmisinin fikrincə, bu göstərir ki, İran təyyarələri gələn il ərzində almağa başlaya bilər.

“Bu qırıcılar İranın hərbi hava qüvvələrini qonşuları ilə müqayisədə xeyli gücləndirəcək”, - Kirbi xəbərdarlıq edib.

ABŞ rəsmisi onu da deyib ki, Rusiya İrana qabaqcıl hərbi komponentlər verməyi planlaşdırır:

“Kreml bu çərçivədə İranı helikopterlər və hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilər. Hərbi texnikaların axını birtərəfli deyil. İran Rusiyanı dronlarla təmin edir, Moskva bundan Ukraynaya qarşı hücumunu gücləndirmək üçün istifadə edir”.

Kirbinin sözlərinə görə, artıq İran tərəfdən Moskvaya bir neçə yüz döyüş pilotsuz uçan aparatı ötürülüb:

“İran Rusiyaya yüzlərlə ballistik raket satmağı da düşünür. Bizdə həmçinin məlumat var ki, Moskva və Tehran Rusiyada pilotsuz təyyarələrin birgə istehsal xəttinin yaradılması imkanını nəzərdən keçirir. İranı kursunu dəyişməyə və bu addımları atmamağa çağırırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər