Avropa Parlamentinin sədr müavini Eva Kayli Brüssel polisi tərəfindən saxlanılıb. Belçika Federal Prokurorluğu onun korrupsiya ittihamı ilə saxlanılması üçün sanksiya verib. Kayli futbol üzrə Dünya Çempionatının Qətərdə keçirilməsi üçün rüşvət qarşılığında nüfuz təmsilçiliyi etməkdə təqsirləndirilir.
Teleqraf.com xəbər verir ki, bu, Eva Kaylinın adının hallandığı ilk rüşvət və korrupsiya qalmaqalı deyil. Avropa Parlamentinə (AP) Yunanıstandan seçilmiş Kayli Avropada fəaliyyət göstərən erməni lobbi qrupları ilə də sıx əməkdaşlıq edib. Bu qruplardan qanunsuz yollarla əldə etdiyi vəsaitlər mövzusunda media gündəminə düşüb. 2021-ci ildə dərc etdiyimiz məqalədə bu mövzuya biz də toxunmuşuq. “ Erməni şəbəkəsi Avropa institutlarını necə yönləndirir?” başlıqlı yazıda Kaylinın erməni şəbəkəsi ilə əməkdaşlığının detallarını açmışıq.
Bildirmişdik k, 2021-ci il noyabrın 19-da Azərbaycan əleyhinə qəbul edilən bəyanat Avropa Parlamentinin adından elan edilsə də, bəyanatı yalnız 33 nəfər AP üzvü imzalayıb. Həmin 33 nəfər isə Avropa Parlamentində təmsil olunan “Ermənistanla dostluq qrupu”nun üzvləridirlər. Bəyanatın hazırlanmasında və qəbul etdirilməsində Lukas Furlas, Lefteris Xristofor, Lars Patrik Berq ilə yanaşı, yunan deputat Eva Kayli də xüsusi aktivlik göstərmişdi. Bəyanatda Azərbaycan silahlı qüvvələrinin “Ermənistanın ərazi bütövlüyünə qəsd etməsi” kimi qondarma ittihamlar yer tutmuşdu. Həmin 33 deputat da “Ermənistanın ərazi bütövlüyünə qəsd edilməsinin qarşısını almaq üçün” Avropa İttifaqını bütün rıçaqlardan istifadə etməyə çağırırdılar.
Ermənistan KİV-lərinin hazırladıqları məqalələrə istinad edərək bildirmişdik ki, Avropa Parlamenti üzvlərinin (“Ermənistanla dostluq qrupu”nun) hazırladıqları bu bəyanat Avropa Erməni Milli Komitəsi, həmçinin, “Ədalət və Demokratiya Naminə ümumAvropa Erməni Federasiyası” ilə əmkdaşlıq nəticəsində ortaya çıxıb
“Çirkli pullar” Avropa Parlamentinə necə yol tapır?
Avropa Parlamentinin bəzən Avropa İttifaqı üçün mühüm olan mövzularda ziddiyyətli davrandığını görürük. AP-nin qəbul etdiyi bəyanatların ümumilikdə Avropa İttifaqının maraqlarına zidd olduğu anları müşahidə etmişik. Azərbaycana qarşı davranış da bu qəbildəndir. Hansı ki, Avropa Parlamenti Avropa İttifaqının 5 institutundan biridir. Yəni onun tərkib hissəsidir. Bəyanatlarını uyğunlaşdırmalıdır.
Əslində, Avropa Parlamentinin fəaliyyətində diqqət çəkən problemlərin kökü də bu nöqtədən başlayır. Araşdırmalar göstərir ki, belə “mərkəzdənqaçmaların” səbəblərindən biri də, Avropa Parlamentinə “lobbiçilik işi” adı altında yol tapan qanunsuz vəsaitlərdir. Almaniyadan olan “Yaşıllar fraksiyası”nın rəhbəri Rebekka Harms müsahibəsində qeyd edib ki, Avropa Parlamenti Avropaya birbaşa aiddiyyatı olmayan mövzuları daha çox müzakirə edir. Avropa xalqları üçün zəruri olan məsələlərə isə kifayət qədər yer ayırmır: “AP-nin gündəliyini lobbi qrupları formalaşdırırlar. Hər kəs öz marağını təmin etməyə çalışır”-deyə, Hams bildirir. Rebekka Harms Avropa Parlamentinin lobbi qruplarının paliqonuna çevrilməsindən narahatlığını ifadə edib.
Problem ondadır ki, Avropa Parlamentinə “lobbi fəaliyyəti” üçün yönləndirilən vəsaitlər çox vaxt “çirkli pullar”dan təşkil edilir və “çirkli məqsədlərin” gerçəkləşdirilməsinə xidmət edir. Məsələn, yuxarıda qeyd etdik ki, Avropa Parlamentində təmsil olunan “Ermənistanla dostluq qrupu” “Ədalət və Demokratiya Naminə ümumAvropa Erməni Federasiyası” (AAFJD) ilə əməkdaşlıq edir. AAFJD-nin prezidenti Kaspar Karampetyandır. O, milyarder, oliqarx, həm də mafiya qurucusu kimi ad çıxarıb. Dünyada təsirli trendlərdən sayılan “mafiya-lobbi” mexanizminin qurucularındandır. Maliyyəsi isə qanunsuz almaz qaçaqçılığından formalaşır. Araşdırmalar göstərir ki, AP-nin 33 nəfər təmsilçisinin “mafiya babası” ilə dostluqları qarşılıqlı maraqlara söykənən real əməkdaşlıq üzərində qurulub. İntensiv şəkildə görüşür, fəaliyyətlərini koordinasiya edirlər (Bax: Şəkil 1 ). Karampetyanın “çirkli pulları” bu yolla Avropa Parlamentinə daxil olur.
Bu baxımdan Eva Kaylinin futbol üzrə Dünya Çempionatının Qətərdə keçirilməsi üçün rüşvət alması da qeyri-adi görünmür. Avropa Parlamentində lobbiçilik fəaliyyəti adı altında rüşvət almağın, korrupsiyaya bulaşmağın uzun illərə söykənən ənənəsi formlaşıb.
Brüssel polisi nə üçün indi hərəkətə keçib?
Belçikanın RTV kanalı federal prokurorluğa istinadən xəbər verir ki, korrupsiya ittihamı üzrə saxlanılan şəxs təkcə Eva Kayli deyil. Polis Brüsseldə 16 yerdə reyd keçirib, 4 nəfəri sorğu-sual edib.
Belçika prokurorları bildiriblər ki, keçirilən reydlər zamanı təxminən 600 min avro (633,5 min dollar) nağd pul, kompüter avadanlıqları və mobil telefonlar müsadirə edilib. Prokurorlar dörd nəfərin kimliyini açıqlamasalar da, onlardan birinin Aİ parlamentinin keçmiş üzvü olduğu bilinir.
Reydlər deputatlarla yanaşı, Aİ qanunvericiləri üçün işləyən köməkçiləri də əhatə edir. Aİ Assambleyasında 27 ölkədən seçilmiş 705 nəfərdən hər birinin köməkçiləri vardır. Kaylinin “F.G” adlandırdığı köməkçisi də saxlanılanlar sırasındadır. O, əvvəllər İtaliya parlamentinin deputatı Pier Antonio Panzeri üçün işləyib.
Həbs edilən digər iki nəfərdən biri isə Luka Visentinidir. O, keçən ay Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) baş katibi seçilib. Təşkilat dünyada 200 milyondan çox üzvü birləşdirir.
Prokurorluğun məlumatıda o da qeyd edilir ki, saxlanılan şəxslər Körfəz dövlətlərindən birinin (adı açıqlanmır) “Avropa Parlamentinin iqtisadi və siyasi qərarlarına təsir etmək cəhdlərinə” yardım göstəməkdə, ortada vasitəçilik etməkdə şübhəli bilinirlər. Bu vasitəçilik isə qarşılıqsız olmayıb: “Avropa Parlamentində mühüm siyasi və strateji mövqeyə malik şəxslərə böyük məbləğdə pul ödəmək, hədiyyələr təklif etməklə” həyata keçirilib. Avropa Parlamentinin mətbuat ofisi reydlərlə bağlı şərh verməkdən imtina edib. Qısaca vurğulayıb ki, Assambleya Belçika polisi ilə tam əməkdaşlıq edir.
Probblem odur ki, korrupsiyaya bulaşmış qruplar Avropa strukturlarının strateji hədəfləri naminə verilən qərarlara qarşı çıxmaq üçün güc formalaşdıra biliblər. Avropada Böyük bir şəbəkəyə çevrilərək təhlükəli hal alıblar. Məsələn Avropa Parlamentinə bağlı olan "Qətər üzrə lobbi qalmaqalı" mövzusu Avropa Şurasında fərqli bir formada ortaya çıxıb. Çempionatın harada keçirilməsi mövzusu müzakirə edilən dönəmdə Avropa Şurasında təşəbbüs irəli sürülüb ki, “Qətərdə insan haqları ilə bağlı dinləmələr keçirilsin”. Amma Avropa Şurasındakı “solçu qrup” təşəbbüsə mane olub. Əksəriyyəti məsələnin plenar səsverməyə çıxarılmasının əleyhinə səs verib.
Təhlilçilər qeyd edirlər ki, bu, əlaqələndirilmiş bir fəaliyyətdir. Avropa Parlamentindəki “lobbi qrupunu” koordinasiya edənlər həm də Avropa Şurasında “nüfuz sahibidirlər”. Nəticə çıxır ki, “korrupsiyaya bulaşmış lobbi qrupları” problemi təkcə Avropa Parlamenti üçün xarakterik deyil. Böyük bir şəbəkə formalaşdırılıb. Bu şəbəkənin qolları bütün Avropa strukturlarını sarıyıb.
Digər məqam odur ki, Qərbin strateji hədəflərini, əlaqələrini hədəfləyən “korrupsiya maxinasiyalarına qarşı əməliyyat” təkcə Avrpa məkanını əhatə etmir. Proses paralel şəkildə ABŞ-da həyata keçirilir. ABŞ-ın federal prokurorları Nyu-Cersi ştatından olan demokrat senator Robert Menendeznin lobbiçilik adı altında yol verdiyi korrupsiya əməliyatlarını araşdırır. O, 2015-ci ildə də eyni əməllərə görə ittiham olunub.
İndi senator korrupsiya ittihamı ilə federal təhqiqata cəlb edilib. Menendezin Senatdakı iki kampaniyasını idarə edən siyasi məsləhətçi Maykl Soliman “Senator Menendez araşdırmadan xəbərdardır” deyib. Lakin o, istintaqın miqyası barədə danışmayıb. İstintaq prosesinin əlavə olaraq kimləri əhatə etməsi barədə sualı cavablandırmayıb.
Qeyd edilən məlumatlardan belə nəticə çıxır ki, Belçika polisinin başlatdığı əməliyyat təkcə Eva Kaylinin futbol üzrə Dünya Çempionatının Qətərdə keçirilməsi üçün rüşvət qarşılığında nüfuz təmsilçiliyi etməsindən qaynaqlanmır. Avropa Parlamentində və ümumilikdə Avropa strukturlarında kök salmış korrupsiya əməliyyatlarını əhatə edir. Hansılar ki, Avropa İttifaqının strateji hədəflərini təhdid edirlər. Amma eyni məzmunlu prosesin həm də ABŞ-da keçirilməsi onu göstərir ki, başladılan əməliyatlarda hədəf təkcə “korrupsiya maxinasiyaları” da deyil. Burada fərqli nüanslar vardır. Dünyanın iki güc mərkəzi birdən-birə böyük həcmli bir prosesə başlamaq üçün niyə eyni anda qərar veriblər?
Başladılan əməliyyatda “solçu izi”
Avropa KİV-ləri qeyd edirlər ki, “Bolqarıstanın sosialist deputatları qrupu” Avropa Parlamentində “Rusiyanın terrora dəstək verən ölkə” adlandırılması üçün keçirilən müzakirələrin əleyhinə səs veriblər. Avropa Parlamentində “Bolqarıstan sosialistləri qrupunun” lideri olan Petar Vitanov bunun üçün digər qruplar arasında da xüsusi təbliğat aparıb. Qətnamə Rusiyanın Ukraynadakı müharibədə mülki şəxslərə qarşı qəsdən hücumlar törətməsini ehtiva edən müzakirələrdən qaynaqlanıb. Ukraynada mülki infrastrukturun dağıdılması, dinc insanların öldürülməsi və sair məsələlər “terror aktları” kimi tövsif edilib. Bunları nəzərə alaraq Rusiyanı terrorizmin himayədarı və “terror vasitələrindən istifadə edən” dövlət kimi tanıyıblar. Qətnamə lehinə 494, əleyhinə 58, bitərəf qalan 44 səslə qəbul edilib.
Qətnmənin əleyhinə çıxanların və bitərəflərin əksəriyyəti “solçular” olublar və bu mənada diqqət çəkiblər.
Həm Avropa Parlamentində, həm də Avropa Şurasında şübhəli görünən “lobbiçilik” proseslərndə də “solçu qruplar”ın aktiv iştirakı diqqət çəkir. “Dünya Çempionatına ev sahibliyi edən ölkədə insan haqları ilə bağlı müzakirə” mövzusuna etiraz etmələri “solçuları” diqqət mərkəzinə gətirib. Eva Kayli da “Panhellenik Sosialist Hərəkatı”nın təmsilçisidir. Bu baxımdan, həyata keçirilən “korrupsiyaya qarşı əməliyat” kampaniyasında da bir xətt görünür. Hədəfdə olanların ksəriyyəti “solçulardır”.
Digər bir nüans isə erməni və yunan lobbi qrupları ilə “solçuların” maraqlarının uyğunluğudur. Avropa Şurasında Eva Kayli mövzusunu müzakirəyə çıxarmaq istəyəndə erməni və yunan qrupu təklifin əleyhinə səs verib.
Almaniya KİV-ləri Avropadakı “solçu qrupların” Kremldən təlimatlandırıldıqlarına dair ciddi araşdırma yazıları dərc edirlər. “Beynəlxalq siyasət demokratiya və ya insan haqları ilə bağlı deyil: Söhbət dövlətlərin maraqlarından gedir” məzmunlu məqalədə bu mövzuya geniş yer ayrılıb.
Qeyd edilənlərdən belə nəticə çıxır ki, Avropada və ABŞ-da başladılan “korrupsiyalaşmış lobbi qruplarına qarşı mübarizə” prosesi özündə həm də Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsini ehtiva edir. Prosesin Avropada və ABŞ-da paralel şəkildə başladılmasının səbəblərindən biri də budur. Kremlin təsirinə düşmüş lobbi qruplarının fəaliyyətinin məhdudlaşdırılamsını hədəfləyir. Avropa Parlamentinin deputatları Rusiya ilə diplomatik əlaqələrin azaldılmasını, Aİ-nin Rusiyanın rəsmi nümayəndələri ilə təmaslarının minimuma endirilməsini, Aİ-dəki Rusiya dövlətinə bağlı qurumların bağlanmasını istəyirlər.
Sonda onu qeyd edək ki, hansı niyyətlə başladılmasının fərqinə varmadan, bu prosesdə “yunan-erməni” ittifaqının hədəfə gətirilməsi Azərbaycan-Türkiyə müttəfiqliyinin nəfinə işləyir. Avropada “solçu qruplarla” koordinasiya olunmuş formada fəaliyyət göstərən “yunan-erməni” ittifaqı istisnasız olaraq həm Azərbaycan, həm də Türkiyənin əleyhinə çalışıblar. Eva Kayli Avropa Ittifaqı ilə Türkiyə arasında danişıqlara mane olan şəxslərdən biridir.
O, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan pasportu daşıyan şəxslər üçün viza məhdudiyyətinin tətbiq edilməsi xahişi ilə Avropa İttifaqı Komissiyasına yazılı müraciət göndərib. Avropa Parlamentinin deputatı olan Kayli öz xahişini tvit vasitəsilə də açıqlayıb. Azərbaycanla Aİ arasında imzalanmış viza rejiminin sadələşdirilməsi sazişinin ləğvinə çağırıb. Bu çağırışı “Azərbaycan və Türkiyə tərəfindən Dağlıq Qarabağ ermənilərinin hüquqlarının kobud şəkildə pozulması” hallarına etiraz əlaməti olaraq imzaladığını bildirib.
Diqqət çəkən daha bir nüans isə, Brüssel prokurorlarının “lobbçilik işində korrupsiya” ittihamı ilə sorğuladıqları Eva Kayli ilə ABŞ-ın federal prokurorlarının sorğuya çəkdikləri senator Robert Menendezinin arasındakı “dostluq” münasibətləridir. Şəxslər sosial şəbəkə platformaları üzərində “dostdurlar”. Biri digərinin yazdıqlarını retvit edirlər. Onların retvitləri xüsusilə Azərbaycan və Türkiyə üzərində intensivləşir. Biri Azərbaycan və ya Türkiyə əleyhinə statuslar paylaşır, digəri də onu dərhal retvit edir. Avropa İttifaqının, ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətlərini daimi olaraq gərginləşdirməyə çalışan “qrupların” müxtəlif adlar altında birdən -birə istintaqa cəlb edilmələri təsadüfidirmi? Bu barədə növbəti araşdırma yazımızda məlumat veriləcək.