12 Dekabr 2022 17:58
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) komissiyasının sədri Ursula fon der Leyen AP-in vitse-spikeri, yunan Eva Kayliyə qarşı korrupsiya ittihamlarının çox ciddi və narahatedici olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, komissiya sədri Aİ-nin bütün qurumlarını etik qaydalardan kənarağa çıxmamağa çağırıb.

“Avropa Parlamentinin vitse-spikerinə qarşı irəli sürülən ittihamlar son dərəcə narahatedici və çox ciddidir. Söhbət insanların bizim qurumlara inamından gedir”, - deyə Leyen bu etimadın ən yüksək etik standartları tələb etdiyini vurğulayıb.

Leyen mart ayında Avropa Şurası, AP, Avropa Mərkəzi Bankı, Avropa Ədalət Məhkəməsi və Aİ Hesablama Məhkəməsi kimi birliyin bütün strukturlarını əhatə edən etik qurumun yaradılmasını təklif etdiyini xatırladıb. Komissiya sədri bildirib ki, Aİ-nin bütün qurumları şəffaf şəkildə etik qaydalara əməl etməlidir.

Rusiyadan enerji asılılığından xilas olmaq üçün təbii qazın alınmasında Qətərlə əməkdaşlıq etdiklərinə diqqət çəkən Leyen insan haqları məsələlərində səslərini ucaltmağa davam edəcəklərini və Qətərdə islahatlarla bağlı Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq etdiklərini söyləyib.

Qeyd edək ki, Belçika polisi Qətərin AP-in siyasi-iqtisadi qərarlarına təsir etmək üçün bəzi avropalı siyasətçilərə rüşvət verməsi iddiaları əlaqədar araşdırmaya başlayıb. İstintaq çərçivəsində dekabrın 9-da paytaxt Brüsseldə 16 ayrı əməliyyat keçirilib və 4 şübhəli saxlanılıb. Reydlər zamanı şübhəlilərin evlərindən kisələrdə pul götürülüb.

Saxlanılanlar arasında və bundan sonra üzvü olduğu Yunanıstan Sosialist Partiyasından (PASOK) xaric edilən Eva Kayli də var. “Barbi” və “parlament gözəli” adlarıyla tanınan Kayli vitse-spiker postundan uzaqlaşdırılsa da, deputat kimi vəzifəsini davam etdirdiyi bildirilib.

Qətər hökuməti isə rüşvət iddialarını rədd edərək, ittihamların əsassız olduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu