Pakistan Baş naziri Şahbaz Şərif Əfqanıstan sərhədçilərinin sərhəd bölgəsində yerləşən Çamanda mülki əhaliyə top və ağır silahlarla hücumunu qınayıb.
Teleqraf.com xəbər verir ki, baş nazir Əfqanıstan sərhəd qüvvələrinin hücumu nəticəsində çoxlu Pakistan vətəndaşının öldüyünü və yaralandığını bildirib.
Hücumu “bədbəxtlik” adlandıran Şərif bunu ən sərt şəkildə qınadığını vurğulayıb. Baş nazir qeyd edib ki, Əfqanıstanın müvəqqəti hökuməti belə hadisələrin bir daha təkrarlanmamasını təmin etməlidir.
Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu hadisənin iki ölkə arasındakı qardaşlıq əlaqələri ilə üst-üstə düşmədiyi vurğulanıb.
Pakistan ordusu dünən Əfqanıstan sərhəd qüvvələrinin Çaman-Spin Boldak sərhəd qapısını əsassız atəşə tutması nəticəsində 6 mülki vətəndaşın öldüyünü, 17 nəfərin isə yaralandığını açıqlayıb.
Əfqanıstandan verilən açıqlamada isə iddia olunub ki, Taliban üzvləri sərhəddəki Şiro Oba kəndində zastava tikərkən, Pakistan hərbçiləri bunun qarşısını almağa çalışıb və tərəflər arasında qarşıdurma yaranıb. Açıqlamada 1 Taliban üzvünün öldüyü, 6-nın yaralandığı bildirilib.