Rusiyanın Ukraynaya qarşı müharibəsinin uzanmasından və istədiyi nəticəni əldə edə bilməməsindən sonra ölkə lideri Vladimir Putinin son çarə olaraq, təhdid vasitəsi kimi nüvə silahına əl atmağa hazırlaşdığı iddia edilir.
Teleqraf.com xəbər verir ki, Qərb mediası Putinin ABŞ və Böyük Britaniyanı vura biləcək nəhəng tutumlu “Yars” raketlərini işə salmaq əmri verdiyini yazır.
Xəbərlərdə Putinin özünü nüvə müharibəsinə hazırlaşırmış kimi göstərərək, Qərbi nüvə təhlükəsi yaratmaqla hədələdiyi bildirilir.
Dünən mediada yayılan görüntülərdə “Yars” raketinin Moskvanın cənub-qərbində, Kaluqa bölgəsindəki Kozelsk hərbi hissəsində silosa yerləşdirildiyi görülüb.
Digər tərəfdən, Rusiyanın “Komsomolskaya Pravda” qəzeti “Yars”ın Xirosimanı məhv edən atom bombasından 12 dəfə böyük tutuma malik olduğunu yazıb.
“Yeni strateji silahların istifadəyə təqdim edilməsi ilə vətənimiz rahat yatacaq”, - Rusiya hərbi rəsmilərindən Vadim Vyazovski nəşrə deyib.
Digər yandan, Putin və digər ölkə rəsmiləri Rusiyanın varlığını təhdid edəcək hücum istisna olmaqla, nüvə silahından istifadə etməyəcəklərini iddia edirlər.