16 Dekabr 2022 12:22
2 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Qərb sanksiyalarının təsirini azaltmaq üçün Asiya ölkələri ilə əlaqələrini genişləndirməyə və yeni bazarlar axtarmağa çalışır. Əsas bazar Çindir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertləri bildirirlər ki, pandemiyadan sonra Çin-Rusiya sərhədində daşınmaların həcmi artıb:

“Rusiya baş naziri Mixail Mişustinin sözlərinə görə, iki ölkə arasındakı ticarətin təxminən yarısı milli valyutalarla həyata keçirilir. Hər iki ölkə dollardan imtina etməyə çalışır.

Rusiya Səudiyyə Ərəbistanından sonra Çinin ikinci neft ixracatçısına çevrilib. Moskva və Pekin siyasətdə olduğu kimi iqtisadiyyatda da çoxqütblü dünyanın formalaşdırılmasına çalışır. 2022-ci ilin 10 ayında iki ölkə arasında ticarətin həcmi 150 milyard dollara yaxınlaşıb. Bu, ötən ilki göstəricidən çoxdur. Hədəf ticarət mübadiləsinin həcmini 200 milyard dollara çatdırmaqdır. Rusiya və Çinin maliyyə institutları dollardan maksimum qədər imtina etməyə çalışır.

Rusiya Çinlə ortaq enerji layihələrinin reallaşmasına da cəhd göstərir. Rusiya Çinə yalnız neft və qazın ixracı ilə kifayətlənmək istəmir, iki ölkə arasında böyük enerji layihələri üzrə çalışmaların başlanılması da hədəfdədir. Rusiya Çində atom elektrik stansiyaların tikintisi ilə məşğuldur. Rusiya bu ölkəyə neft, qaz və kömürlə yanaşı, elektrik nəqlini də artırıb. Bu sahədə 23 faiz artım var.

Rusiya Çinlə yük daşımalarının, o cümlədən yeni logistik mərkəzlərin tikintisinin artırılmasını da istəyir. Amur çayı üzərində yeni körpülər, dəmir və avtomobil yolları tikilir. Mişustin Çin şirkətlərinin Rusiyada fəaliyyətlərinin miqyasını artırmaq üçün yeni imkanlar yaradacaqlarını bildirib. Məsələn, Rusiyanın Tula bölgəsində Çinin ildə 40 min avtomobil istehsal edən zavodu tikilib. İki ölkə arasında 80 yeni ortaq layihə üzərində iş gedir. Planlanan yatırımların həcmi 160 milyard dollardır”.

Ekspertlərin fikrincə, Çin rəhbərliyinin uzunmüddətli məqsədi ölkəni enerji bazasının resurs imkanlarını, sənaye metalını və ərzaq məhusllarının həcmini artırmaqdır:

“Böyüyən iqtisadiyyat və əhalinin tələbatı artıb. Ona görə də Çin bu sahələrdə Rusiya ilə əməkdaşlığın genişlənməsinə xüsusi önəm verir. Çin liderinin keçən həftə Səudiyyə Ərəbistanına səfəri və Çin-Ərəb ölkələri sammitində iştirakı da bununla bağlıydı.

Rusiya Çinlə əməkdaşlığı genişləndirməyə çalışmaqla Qərbin təzyiqlərindən qurtulmağa çalışır. Ancaq Çindən asılılıq Rusiya üçün daha böyük təhlükə yaradacaq. Çin Rusiyaya yatırımlarını artıranda, Sibirdə yeni zavod və fabriklər tikəndə Moskva istər-istəməz Pekinin siyasi istəklərini də nəzərə alacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər