Təxminən üç gündür Egey dənizində mübahisəli adalardakı hərbi birlikləri yoxlayan Yunanıstan baş qərargah rəisi, general Konstantinos Floros bu dəfə Türkiyə ilə Yunanıstan arasındakı Meriç çayı üzərində yerləşən Kipi sərhəd qapısında peyda olub.
Teleqraf.com xəbər verir ki, Floros Meriç çayı yaxınlığında çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb.
“İlk dayanacağımız Kipi körpüsüdür. Müşahidə məntəqəsinin personalı ilə. Yunanıstan bölgəsini öz vəzifə və missiyasını sədaqətlə yerinə yetirənlərə sağlamlıq arzulayıram, Yeni iliniz mübarək. Evros (Meriç) təslim olmadı, olmayacaq”, - baş qərargah rəisi bildirib.
Son vaxtlar Yunanıstan tez-tez Krit adası ətrafındakı ərazi sularının 12 milədək artırılacağını bildirir.
Afinanın bu açıqlamalarına Türkiyə növbəti dəfə cavab verib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məsələ ilə əlaqədar deyib:
“Son zamanlar Yunanıstan mətbuatında xüsusilə Krit ətrafında ərazi sularının 12 milədək artırılacağı ilə bağlı xəbərlər yayılır. Bu məsələdə mövqeyimiz bəllidir. 12 yox, Egeydə 1 mil belə genişlənməyə icazə vermirik. Parlamentimizin 1995-ci ildə bu məsələ ilə bağlı qəbul etdiyi qərar bəllidir və hələ də qüvvədədir. Yunanıstana bir daha xəbərdarlıq edirik: arxanızda görmək istədiklərinizə inanaraq saxta qəhrəmanlığın arxasınca getməyin. Macəraya atılmayın, sizin üçün yaxşı bitməyəcək”.