Yunanıstan Türkiyənin uğurla sınaqdan keçirdiyi yerli “Tayfun” ballistik raketini nümunə götürür.
Teleqraf.com xəbər verir ki, Türkiyənin müdafiə sənayesindəki sürətli irəliləyişi ilə ayaqlaşa bilməyən Yunanıstanın son dərəcə yüksək hərbi xərcləri diqqət çəkir.
Yunan mətbuatı Afinanın silah sistemlərini idxal yolu ilə əldə etdiyini yazır. Türkiyənin isə Yunanıstandan fərqli olaraq, onilliklər ərzində yerli raket texnologiyasına sərmayə qoyduğu qeyd olunub.
O da vurğulanıb ki, Türkiyə müdafiə sənayesinin infrastruktur xərclərini indidən amortizasiya edib.
Raket sistemlərinin xərclərini azaltmaq üçün müxtəlif təklifləri gündəmə gətirən yunan mediası Afinanın raket istehsalında təcrübəsi olan ölkələrlə əməkdaşlıq etməsinin lazım olduğunu bildirib.
Yunanıstanın Türkiyə ilə ayaqlaşa bilməsi üçün cəsarətli investisiyalar yatırmalı olduğu da vurğulanıb: “Yunanıstan tərəfinin ehtiyac duyduğu köhnəlmiş texnologiyanı ona baha qiymətə vermək istəyən xarici şirkətlərlə əməkdaşlıq etməsi effektli ola bilər”.
Bundan əlavə, yunan mətbuatı etiraf edir ki, mürəkkəb qabaqcıl planları həyata keçirmək hazırda Yunanıstanın imkanları xaricindədir.