Ukraynanın 3 şəhərinə, o cümlədən paytaxt Kiyevə raket zərbələri endirən Rusiya qüvvələrinin yaratdığı dağıntılar nəticəsində ölkənin bəzi bölgələrində elektrik enerjisi kəsilib.
Teleqraf.com xəbər verir ki, Rusiya-Ukrayna arasında müharibənin birinci ilinə yaxınlaşdıqca, Kreml qüvvələrinin hücumları davam edir.
Rusiya ordusunun gün ərzində Ukraynanın paytaxtı Kiyevə və bəzi şəhərlərə hücumu nəticəsində enerji infrastrukturuna ciddi ziyan dəyib. Hücumlar nəticəsində Ukrayna və Moldovanın bir hissəsi qaranlığa qərq olub.
Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat Rusiya qüvvələrinin son bir sutkada Ukraynanın müxtəlif bölgələrinə 60-dan çox raketlə hücumlar təşkil etdiyini açıqlayıb.
Rusiya ordusunun paytaxt Kiyev və ətrafına atdığı 40 raketdən 37-nin havada məhv edildiyi qeyd edilib.
Kiyevdən kənarda Xarkov, Xerson, Kriviy Rox şəhərləri və ətraf yaşayış məntəqələrinə edilən hücumlar nəticəsində dinc sakinlər həyatını itirib və yaralanıb. Hücumlar nəticəsində ölkənin müxtəlif bölgələrində, o cümlədən paytaxt Kiyevdə içməli su və elektrik enerjisi kəsilib.
Rusiyanın Ukraynaya qarşı raket hücumları nəticəsində Moldovanın Laloveni şəhərində də enerji infrastrukturunun zədələnməsi səbəbindən elektrik enerjisində fasilələr yaranıb.
Digər tərəfdən, noyabrın son günlərində Rusiya qüvvələrinin hücumları nəticəsində Moldovanın bir çox bölgəsi qaranlığa qərq olmuşdu.