17 Dekabr 2022 22:28
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iqlim dəyişikliyinin bu il 30 ölkədə görünməmiş sayda və daha çox ölümcül vəba epidemiyasına səbəb olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ÜST-nın Cenevrədəki qərargahında keçirilən mətbuat konfransında Afrikanın 30 ölkəsində və Haitidə vəba epidemiyasında artım olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, tədqiqatçılar hər il dünyada orta hesabla 1,3 ilə 4 milyon arasında vəba hadisəsinin müşahidə edildiyini və 21 000 ilə 143 000 arasında ölümün vəba səbəbindən baş verdiyini təxmin edirlər.

ÜST-nin vəba və ishal kimi xəstəlikləri araşdıran qrupunun rəhbəri Filip Barboza deyib ki, vəba epidemiyasının artması tamamilə görünməmiş bir hadisədir: “Sadəcə olaraq, daha çox epidemiya görmürük. Bu epidemiyalar əvvəlki illərə nisbətən daha böyük və ölümcüldür”.

Vəba epidemiyasına yoluxma və ölüm hallarında artımın son bir neçə ildəki azalmadan sonra müşahidə edildiyini ifadə edən Barboza, bu xəstəliyə bağlı hadisələrin və ölümlərin artmasında birbaşa iqlim dəyişikliyinin təsirli olduğunu qeyd edib.

Qeyd edək ki, Sərhədsiz Həkimlər Təşkilatı da bu il Livan, Somali və Nigeriyadakı qaçqın düşərgələrində vəba epidemiyasının olduğunu bildirib.

ÜST rəsmisi həmçinin izah edib ki, vəba yoxsulluq və həssaslıqla açıq şəkildə əlaqəli bir xəstəlikdir.

Digər ÜST rəsmisi xəbərdarlıq edib ki, qlobal vəba peyvəndi ehtiyatı hazırda boş və ya son dərəcə qeyri-kafidir, çünki xəstəlik yenidən artmaqdadır.


Müəllif: Nemət