Rusiya lideri Vladimir Putin Vladimir Zelenski Ukraynada hakimiyyətə gəldikdən sonra oliqarx Viktor Medvedçuka qarşı təzyiqlərdən və ölkədə rusiyayönlü telekanalları bağlamaq qərarından məyus olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti yazır.
Nəşr qeyd edir ki, 2019-cu ildə prezident seçkilərində Zelenskinin qələbəsindən sonra Kreml onu dialoq apara biləcəyi siyasətçi kimi görüb:
“Qismən ona görə ki, Zelenski yəhudidir və Moskvada bəziləri ondan Kremlin çox nifrət etdiyi Ukraynanın millətçi qanadına qarşı sərt olacağını gözləyib. Amma rusiyayönlü kanalların bağlanması da daxil olmaqla Zelenski Ukraynada Kremlin maraqlarına əks addımlar atmağa başlayıb”.
Nəşrə görə, Ukrayna prezidentinin bu addımı Kremlin ümidlərini puça çıxarıb.
NYT bildirib ki, Putin məyusluğunu 2021-ci ilin oktyabrında İsrail Baş naziri Naftali Bennetlə Soçidəki iqamətgahında keçirdiyi görüşdə dilə gətirib. Xüsusilə, söhbət Ukraynaya gələndə Putin qəzəblənib.
Bennet Putinə deyib ki, Zelenski onunla təkbətək görüşməkdə maraqlıdır. Öz növbəsində, nəşrin məlumatına görə, Kreml rəhbəri ona belə cavab verib: “Mənim bu şəxslə müzakirə edəcəyim heç nə yoxdur”.
Putin həmçinin əlavə edib: “O, necə yəhudidir? Nasistlərin şərikidir”.
Nəşr hesab edir ki, Putin bundan sonra Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamaq qərarına gəlib.