“Terrorla mübarizə çərçivəsində Suriyadakı əməliyyatdan danışdığımız vaxt Ərdoğan mühüm mesaj verdi. O bildirdi ki, Suriya ilə nazirlər səviyyəsində başlayacaq danışıqlar liderlərin görüşünə qədər gedə bilər. Ötən aylarda “Röyter” iki ölkənin kəşfiyyat rəhbərlərinin görüşünü sızdırsa da, bu, əslində prosesin pozulmasını istəyənləri deşifrə etdi”.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti yazır.
Nəşr Türkiyə-Suriya münasibətlərinin normallaşma prosesinə girdiyini bildirir:
“Suriyada maraqları olan bir çox aktor var. Bu ölkədə bir tərəfdən də İran-İsrail savaşı davam edir.
Fəratın şərqində ABŞ YPG/SDQ terrorçularını silahlandırır. Belə bir durumda sərhədlərinin müdafiəsini gücləndirən Türkiyə sabitliyin pozulduğu bölgədə terror dövlətinin qurulmasına imkan vermir.
İranın bölgədəki terror qruplaşmalarının fəallığı Suriyada olması həm Türkiyəni, həm də Körfəz ölkələrini əndişələndirir. Bölgədəki yeni tənlikdə Körfəz ölkələri Bəşər Əsədə İrandan uzaq durmağı və ərəb dünyasına yönəlməyi tövsiyə edir. Bu Körfəz və Türkiyənin ortaq marağıdır. Əvvəllər Qətər və Türkiyə İxvan Hərəkatına isti baxırdı. Amma bir müddətdir ki, hər iki ölkənin İxvandan uzaq dayanmağa çalışdığı görülür.
İranın İraqdakı təsir dairəsinin yaratdığı problemlər də göz önündədir. Suriyadakı eyni durumun yaratdığı risklər Ankaranı Körfəzlə birlikdə həll yolu axtarmağa sövq edir. İranın öz təsir dairəsini genişlətməyə çalışdığı bölgədə xaos var, ABŞ da bundan narahatmış kimi görünür”.
Qəzet qeyd edir ki, ABŞ-ın Əfqanıstandan geri çəkilməsi Körfəzdə etimad problemi yaradıb:
“Pandemiya və qlobal tənəzzül hər kəsi yeni dövrə adaptasiya olmağa məcbur edir. Səudiyyə Ərəbistanı və BƏƏ hazırkı situasiyada regionun güclü aktoru olan Türkiyə ilə ittifaq qurmağa və əməkdaşlıqlarını artırmağa çalışır. Beləliklə, Türkiyə Misir, Suriya və Liviya kimi məsələlərin həllinə çox yaxındır.
İndi Ankara-Dəməşq münasibətləri Putinin vasitəçiliyi ilə həll yoluna fokuslana bilər. Ukrayna böhranı Putini bu məsələdə daha konstruktiv etsə də, ABŞ bundan o qədər də məmnun deyil.
Suriya ilə bağlı üçtərəfli sammitin (İransız) baş tutması həm Körfəzi rahatlaşdıracaq, həm də Əsədin ərəb dünyasına qayıdışı üçün qapıları açacaq”.