20 Dekabr 2022 12:38
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərlə bağlı qalmaqal Avropanı silkələyib. Avropa Parlamentinin bir qrup deputatının lobbi çalışmaları qarşılığında Qətərdən milyonlarla avro pul aldıqları aşkarlanıb, həbs olunanlar var. Bu hadisə ABŞ Konqresində baş versəydi, nə qalqamal, nə də həbs olardı.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Təhlildə qeyd edilir ki, ABŞ-da lobbiçilik qanuniləşdirilib, pullar bank hesabları vasitəsilə köçürülür:

“Avropada isə pullar köhnə üsulla - əldən ələ verilib. Digər tərəfdən, Avropa Parlamentində ABŞ Konqresindən fərqli olaraq lobbiçilik rəsmiləşdirilməyib, pul və bahalı hədiyyələr almaq qadağandır. Məlumata görə, Doha futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsinin müsbət imicinin yaradılması məqsədilə avropalı deputatlara maliyyə verib. Ancaq son qalmaqal fonunda müsbət imic mənfiyə çevrilib.

Avropa Parlamenti Qətərlə müxtəlif səviyyələrdə təmasları dayandırmaq fikrindədir. Bu, ikitərəfli münasibətlərə mənfi təsir edəcək. Məsələ budur ki, Ukrayna müharibəsi fonunda Avropa Rusiya qazından imtina edib. Avropa ölkələrinin alternativ enerji mənbələrinə ehtiyacı var. Avropa şirkətləri bir müddətdir sıxılmış qazın idxalının artırılması məqsədilə Qətərlə danışıqlar aparırlar. Ancaq Doha indiki vəziyyətdə Avropaya qaz nəqlinin artırılması planına yenidən baxa bilər.

Qətərli rəsmilər həm də ondan narazıdırlar ki, son qalmaqalda ancaq onların ölkələrinin adı hallanır, halbuki başqa ölkələr də Avropa Parlamentində lobbiçilik edirlər. Bu məsələdə qətərli rəsmilər haqlıdırlar.

Məsələn, Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdikləri müxtəlif sənədlərin və bəyanatların arxasında erməni lobbisinin maliyyəsi dayanır. Elə bir qrup amerikalı konqresmen də Ermənistana və Qarabağ separatçılarına böyük pullar müqabilində dəstək verirlər. Böyük ehtimalla rüşvətə görə həbs olunan Avropa Parlamenti sədrinin müavini Eva Kayli Qətərlə yanaşı, pul müqabilində Ermənistana və erməni separatçılarına da lobbiçilik edib”.

Mərkəzin ekspertləri bildirirlər ki, son qalmaqala baxmayaraq, Avropa Qətərdən qaz almaq istəyindən vaz keçməyib:

“Rüşvət və qaz nəqli ayrı-ayrı məfhumlardır” deyən avropalı rəsmilərin Rusiya qazından imtinaları qarşılığında Qətər qazına ehtiyacları var. Qətər ABŞ-dan sonra Avropaya sıxılmış qaz ixrac edən ikinci ölkədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər