“Hazırda Rusiyanın işğalçı ordusunun Belarus ərazisində Kiyevi ələ keçirmək tapşırığını yerinə yetirə biləcək zərbə qrupu yoxdur. Bununla belə, Rusiya gələn ilin yazında yenidən Ukraynanın paytaxtını ələ keçirmək planına qayıda bilər”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyov deyib.
Onun sözlərinə görə, bu hücumun effektli olması üçün ruslara ən azı 50 min yaxşı təlim keçmiş və təchiz olunmuş qüvvə və vasitə lazımdır. Bundan əlavə, texnika, silah-sursat lazımdır ki, ruslar fevralda planlaşdırıldığı kimi üç gün deyil, ən azı üç-dörd həftəlik aktiv döyüş əməliyyatları aparmaq imkanı əldə etsin.
“Yəni bu qrupun nəhəng ehtiyatları olmalıdır. Amma belə bir qoşun qruplaşması yoxdur. Ona görə də yaxın günlərdə Kiyevə genişmiqyaslı hücumun başlaya biləcəyindən narahat olmazdım. Bununla belə, Ukrayna Silahlı Qüvvələrinin komandanı general Zalujnı hesab edir ki, Ukrayna ərazisinə təkrar hücumun mümkün ola bilər və Kiyev istiqaməti cənub və şərqlə birlikdə üç ehtimaldan biridir”, - ekspert bildirib.
Seleznyov Kiyevə ikinci hücum əməliyyatının yaxın günlərdə baş verə biləcəyini də istisna etmir:
“Vəziyyətə uyğun olaraq, ruslar qısa müddət ərzində zərbə qrupu hazırlaya bilsələr, bu proses yanvarın ikinci yarısında başlaya bilər. Amma ruslar passiv hərəkət edirlər, ona görə də yüksək ehtimalla deyə bilərik ki, bütün bunlar mart ayında baş verəcək”.