Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsədin mümkün görüşünə qarşı müharibə lobbisi tərəfindən sabotaj cəhdləri var. Əsədə yaxın bir çox isim Dəməşqin azad edilməsinin Türkiyə ilə normallaşmadan keçdiyi qənaətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazır.
Suriyalı deputat Məhəmməd Cümə Suriya ilə Türkiyənin hər sahədə əməkdaşlıq etməli olduğunu bildirib.
Onun sözlərinə görə, indiki durumda yeganə qalib daxili və xaricdəki müharibə baronlarıdır:
“Əsədə Türkiyə ilə görüşdən imtina etməsi üçün təzyiq edən ölkələr arasında İran birinci yerdədir. Suriyanın dərin dövləti kimi tanınan Milli Komitə və Təşiə Komitəsi, eləcə də Suriyanın ən böyük hərbi qüvvəsi olan 4-cü diviziyanın komandiri Mahir Əsəd üzərindən hərbi təzyiq göstərən İran bu görüşün baş tutmaması üçün böyük səy göstərir.
Fransa isə xüsusən Rıfat Əsəd, Atlas ailəsi və digər aktorlar vasitəsilə keçmiş müstəmləkəsinə təzyiq göstərir. Britaniya, Almaniya və ABŞ-ın bir nömrəli şantaj vasitəsi Əsədə qarşı sanksiyalar siyahısını genişləndirmək təhlükəsidir.
Bundan əlavə, ABŞ Misirin rəhbərliyi altında qurduğu Aralıq dənizi Forumuna Əsədin daxil edilməsi kartından istifadə edir. ABŞ-ın bu addımı Dəməşqə “Mənim razılığım olmadan heç bir həll yolu ilə razılaşma” mesajı kimi şərh edilir. Bu, həm də siyasi ölçüsü ilə yanaşı, Şərqi Aralıq dənizinin enerji ehtiyatından Suriyaya da pay, dolayısıyla iqtisadi dəstək vermək xüsusiyyətinə malikdir.
2020-ci ildə Qahirədə yaradılan foruma Kipr, Misir, Yunanıstan, İsrail, İtaliya, İordaniya, Fransa və Fələstin daxildir. ABŞ müşahidəçi ölkədir”.