20 Dekabr 2022 21:28
2 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Rəcəb Tayyib Ərdoğanın hədəfin 1000 kilometrə çatdırmaq olduğunu açıqladıqdan sonra Yunanıstan Türkiyənin MİDLAS və “Tayfun” ballistik raketlərinə diqqətini artırıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin müdafiə sənayesindəki gəlişmələr Yunanıstan mətbuatının gündəmindən düşmək bilmir.

Prezident Ərdoğanın “Tayfun” raketinin uçuş məsafəsinin 1000 kilometrə çatmasını istədiyini bildirməsindən sonra yunan mediasında “yeni xəritə” ortaya çıxıb.

“Tea Nea” qəzetinə görə, türklər bu dəfə “Tayfun” raketinin “yeni uzaqmənzilli xəritələri”ni hazırlayırlar. Türkiyəyə qarşı təxribatçı ifadələrə yer verən qəzet Ankaranın Avropa, Asiya və Afrikanın bir çox ölkəsini təhdid etdiyini yazıb.

Yunan nəşri Türkiyənin 2500 kilometr mənzilli raketlər hazırlamağı hədəflədiyini bildirib.

Türkiyənin inkişaf etdirdiyi silahları problem olaraq xarakterizə edən qəzet bunun təkcə Yunanıstanı deyil, İsrail də daxil olmaqla bir çox qonşu ölkəni də təhdid etdiyini iddia edib. Qəzet bölgədə güc balansının Türkiyənin xeyrinə olduğunu, Yunanıstan bunun önünə keçməsi üçün addımlar atmalı olduğunu vurğulayıb.

Türkiyənin qeyri-hərbi statuslu adaların tərksilah edilməsini istədiyini bildirən “Tea Nea” Egey dənizindəki bu adaların beynəlxalq anlaşmanın əksinə olaraq, Afina tərəfindən silahlandırıldığını etiraf edib. Məqalədə vurğulanıb ki, Yunanıstan beynəlxalq hüquqa görə silahsız qalmalı olan adaları silahlandırmasa, türklərə qarşı ilk müdafiə xətti yox olacaq.

“Tayfun” və “Bora” kimi raketlərin ciddiyə alınmasının lazım olduğunu bildirən qəzet ABŞ-dan “Patriot”, Rusiyadan S-300 və TOR M1 və ya İsraildən “Dəmir Künbəz” kimi müdafiə sistemləri almalarının lazım olduğunu yazıb.

Yenə F-35-lərin alınmasına güvənən Yunanıstan Fransadan alınacaq təyyarələrlə çəkindirmənin təmin ediləcəyinə inanır.

Məqalədə Ankaranın Afina və Lefkoşaya başqa variant buraxmadığı bildirilib. Nəşr qeyd edir ki, Şərqi Aralıq dənizində ciddi ittifaqlar qurulmalı, Türkiyəyə qarşı silahlanma gücləndirilməlidir.

Qəzet hesab edir ki, “Akkuyu” atom elektrik stansiyasını işə salması Türkiyəni daha da gücləndirəcək: “Türkiyəyə qarşı bölgədə yeni birliklər qurmaqdan, yeni müttəfiqlər tapmaqdan başqa yolumuz yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu