21 Dekabr 2022 10:19
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva və Minsk NATO-nun birgə nüvə missiyalarının davam etdirilməsinə cavab olaraq, Nüvə Silahlarının Yayılmasının qarşısının alınması Müqaviləsini (NPT) pozmamaqla yanaşı, öz təhlükəsizliyini gücləndirir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Prezident Vladimir Putin bildirib ki, Rusiya artıq nüvə başlıqları daşımaq gücündə olan Belarus Hərbi Hava Qüvvələrinin təyyarələri üçün ekipajların hazırlanmasını davam etdirəcək. Rusiya və Belarus prezidentlərinin görüşü zamanı elan olunmuş İttifaq Dövlətinin təhlükəsizliyinin təmin edilməsi tədbirləri “NATO-nun birgə nüvə missiyaları” adlanan uzunmüddətli praktikasının məqsədyönlü şəkildə inkişafına məcburi reaksiyadır”. - Zaxarova bildirib.

Sözçü vurğulayıb ki, Rusiya və Belarusun cavab tədbirləri NPT üzrə öhdəliklərə uyğundur.

Zaxarova qeyd edib ki, hazırkı mərhələdə söhbət adi avadanlıqlarla təchiz olunmuş “İskəndər-M” komplekslərinin verilməsindən və “Su-25” təyyarələrinin bir hissəsində nüvə silahı daşımaq üçün texniki imkanların yaradılmasından gedir. Onun sözlərinə görə, təyyarələri nüvə silahı daşıyıcılarına çevirə biləcək texnologiyaların özlərinin ötürülməsi nəzərdə tutulmur.

Zaxarova qeyd edib ki, hələlik Belarus sistemlərini nüvə başlıqları ilə fiziki cəhətdən təchiz etmək və ya belə döyüş başlıqlarını bu ölkəyə göndərmək niyyətində deyillər: “Bundan əlavə, Belarusiyada nüvə başlıqlarının saxlanması üçün obyektlərin yaradılması da nəzərdə tutulmur. Bunlar Rusiyadakı mərkəzi anbarlarda saxlanılmağa davam edəcək”.

“Gələcək addımlarımızı NATO ölkələrinin İttifaq Dövləti ilə bağlı hərəkətləri ilə əlaqələndirəcəyik. Müvafiq təhdidlərin kəskinləşməsi durumunda Rusiya və Belarusun təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görmək hüququnu özümüzdə saxlayırıq. Hər halda, Belarus sistemlərinin nüvə silahı ilə təchiz edilməsi ilə bağlı qərarı yalnız Rusiya prezidenti verə bilər”, - Zaxarova vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər