Dekabrın 16-da Türkiyə, Almaniya və Yunanıstan nümayəndə heyətlərinin Brüsseldə keçirdiyi üçtərəfli görüşə Afinada “buzları əridən addım” kimi baxılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı yazır.
Cnn.gr saytına görə, görüşün birbaşa diplomatik nəticələri olmasa da, sonrakı dövrdə aradakı soyuqluğu qaldırmağa və Ankaranın niyyətini başa düşməyə kömək edə bilər.
Adı açıqlanmayan mənbəyə görə, görüş mülayim atmosferdə keçib. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Yunanıstan Baş naziri Kiryakos Mitsotakisin ABŞ Konqresində etdiyi çıxışın İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla əldə olunan razılaşmaya əməl etməməsindən Ankaranın narahatlığını dilə gətirib.
Kalının bu narahatlığını dilə gətirməsindən sonra yunan tərəfinin Mitsotakis-Ərdoğan görüşündən bir neçə gün sonra türk təyyarələrinin Yunanıstan adaları üzərində 42 uçuş həyata keçirdiyini iddia etdiyi qeyd edilib. Amma məqalədə tərəflərin uzun müddət sonra görüşməsinin hər şeyə baxmayaraq müsbət gəlişmə olduğu bildirilib.
“Ta Nea” qəzeti isə Afinanın “telefonların səssiz qalmasının arzuolunmaz təhlükəni artacağı düşüncəsi” ilə dialoq istədiyini yazıb.
Hökumət mənbələrinə əsaslanan xəbərdə görüşün buzları əritmək üçün keçirildiyi bildirilib. Yunanıstan müdafiə naziri Nikos Panayotopulos da Afina ilə Ankara arasında rabitə kanallarının yenidən açılmasını məntiqli və qaçılmaz hesab edir.
“Kathimerini” qəzeti də görüşü Afina ilə Ankara arasında yüksək səviyyəli əlaqənin aylar sonra bərpa olunmasının ilk əlaməti kimi qiymətləndirib.
Dekabrın 16-da Belçikada Türkiyə, Almaniya və Yunanıstan nümayəndə heyətlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə prezidentin sözçüsü İbrahim Kalın, Almaniya kanslerinin müşaviri Yens Plötner və Yunanıstan baş nazirinin diplomatik ofisinin rəhbəri Anna-Mariya Bora iştirak edib.