Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a səfərində məqsədinə nail ola - hücum əməliyyatları üçün daha müasir silahlar əldə edə bilməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadən “Vaşinqton Post” qəzeti yazır.
Nəşr ABŞ Prezidenti Co Bayden və Zelenskinin Ukraynanın hərbi ehtiyacları ilə bağlı fikir ayrılığına diqqət çəkib. Məqalədə vurğulanır ki, Ukrayna prezidenti Vaşinqtonun Baydenin vermək istəmədiyi müasir silahları göndərməsində israr etməkdə davam edir.
Nəşr hesab edir ki, iki dövlət başçısı arasında danışıqların mövzuları fərqli olub. Zelenskinin məqsədi daha güclü silahlar əldə etmək və gələn il Ukraynanın böyük əks-hücum əməliyyatlarına başlamaq imkanlarını artırmaq olub. Amma Amerika nəşri Zelenskinin Ağ Evdə bu məqsədinə nail ola bilmədiyini, ən azı Baydendə razılığa dair heç bir əlamət olmadığını yazır.
Ağ Evdəki mənbə qəzetə deyib ki, öz növbəsində Vaşinqton Zelenskinin diplomatiya haqda nə düşündüyünü onunla müzakirə etməyi səbirsizliklə gözləyir: “Diplomatiyanın necə olması, nə vaxt başlaması və ya “qırmızı xətlər”inin necə olmasına biz yox, Ukrayna qərar verməlidir”.
ABŞ rəsmisi həmçinin yanvarın 3-də işə başlayan yeni Konqresdə Ukraynaya hərbi yardımın göstərilməsinə qarşı çıxanların daha çox olacağı qənaətindədir.
Eyni zamanda, ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi İvo Daalderin sözlərinə görə, Bayden Rusiya ilə münasibətlərin kəskinləşməsindən ehtiyat edərək, çox da uzağa getmək istəmir.
“Politico” isə yazır ki, Zelenski Baydenin Ukraynaya Rusiyanın dərinliyinə zərbələr endirməyə imkan verəcək silahları verməməsindən məyusdur:
“ABŞ Kiyevə bu cür silahların göndərilməsindən qəti şəkildə imtina edir, çünki bunların münaqişəni kəskin şəkildə genişləndirmək üçün istifadə oluna biləcəyindən ehtiyatlanır”.