İranda 22 yaşlı Məhsa Əmininin polis tərəfindən qətlə yetirilməsindən sonra sonra başlayan etirazlarla bağlı “məhkəmə prosesi” davam edir.
Teleqraf.com xəbər verir ki, çoxlu sayda ölkə vətəndaşı molla rejiminə etiraz etdiyinə görə edamla mühakimə olunur.
Son məlumata görə, Ali Məhkəmə nümayişlərdə iştirak etmək və etirazları qızışdırmaq ittihamı ilə saxlanılan iki etirazçı Saman Yasin və Məhəmməd Qabadluya edam hökmündən verilən apellyasiya şikayətini qəbul edib. Ölüm hökmünün ləğv edildiyi və iki şəxsin yenidən mühakimə olunacağı bildirilib.
Repçi Saman Yasin oktyabrın 2-də Tehrandakı evinə basqın zamanı sosial şəbəkələrdə paylaşımlar və nümayişlərə təhrik ittihamı ilə saxlanılıb. Yasinin “Ölkənin təhlükəsizliyinə qarşı hərəkət etmək üçün toplaşmaq” və “Cəmiyyətə qarşı müharibə aparmaq” cinayətlərindən mühakimə olunduğu və barəsində ölüm hökmü çıxarıldığı açıqlanıb.
Məhəmməd Qabadlu isə “Dünyada fitnə-fəsad törətmək” və “Cəmiyyətə qarşı müharibə aparmaq” ittihamları ilə edam cəzasına məhkum edilib.
Molla rejiminin hər iki şəxs və digərləri barədə verdiyi qərar dünyada və İranda etirazlara səbəb olub.
Edam cəzasına məhkum edilən Möhsün Şikari həbs olunduqdan 75 gün sonra dekabrın 8-də, Məcidrza Rahnəvərd isə saxlanıldıqdan 23 gün sonra dekabrın 12-də edam edilib. Hər iki şəxsin vəkil seçmək hüququndan məhrum edilməsi və ölüm hökmlərinin təcili icra olunması mübahisələrə səbəb olub.